“Neftçi” 2 ildir hakimlərin hesabına çempion olur”
14.12.2012 - 19:06
“Neftçi” 2 ildir hakimlərin hesabına çempion olur”
Topaz Premyer Liqasının XVII turunun “Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra keçirilən mətbuat konfransı qalmaqal baş verib. Apasport.az saytının məlumatına görə, qonaqların baş məşqçisi Böyükağa Hacıyevlə jurnalistlər arasında növbəti xoşagəlməz hadisə yaşanıb.

Belə ki, yerli qəzetlərdən birinin əməkdaşı konfrans zamanı Hacıyevə qıcıqlandıran sualla müraciət edib: “Neftçi” 2 ildir hakimlərin hesabına çempion olur. Bu nə vaxtadək davam edəcək?”

Əsəbindən ayağa qalxan Hacıyev isə komandasının təmiz çempionluğunu sübut etmək üçün and-aman edib: “Gözünün içinə kimi yalan deyirsən. Biz təmiz çempion olmuşuq. 2 balamın başını kəsim ki, belə şey yoxdur”.

Ardından çalışdırıcı konfransın təşkilatçıları qarşısında tələb qoyub ki, həmkarımız salondan çıxarılsın. Əks halda isə özünün oranı tərk edəcəyini bildirən Hacıyev onlara “ya mən, ya o” seçimini təklif edib.

Qeyd edək ki, jurnalistlərdən qaçması ilə seçilən Hacıyev əvvəllər də həmkarlarımızla münaqişə yaşayıb.