“Bəziləri rəqibin adından çəkinirlər”
15.12.2012 - 10:03
“Bəziləri rəqibin adından çəkinirlər”
“Kəpəz” klubunun kapitanı Azər Məmmədovun apasport.az saytına müsahibəsi

- XVII tur ərəfəsindəyik. “Kəpəz” artıq 9 oyundur ki, qələbə nə olduğunu bilmir. Bunun səbəbini nə ilə izah edə bilərsiniz?
- Məncə, əsas səbəb yaxşı futbolçularımızın az olmasıdır. Elə də geniş heyətə malik deyilik. Hər dəfə güc-bəla ilə 11 nəfər tapıb meydana çıxarırıq. İstər-istəməz bu da nəticələrdə öz əksini göstərir.

- Bu cür uğursuz çıxış komandada ruh düşkünlüyü yaradırmı?
- Ardıcıl məğlub olmaq nəinki cavanlara, təcrübəli futbolçulara da mənfi mənada təsir edir. Hansı futbolçu uduzmaq istəyər? Ardıcıl məğlubiyyətlər insanın özünə inamını itirir. Artıq futbolçu da inana bilmir ki, çıxıb bu oyunu udacağıq. Bu amil psixoloji cəhətdən çox pis təsir edir. Düşünürəm ki, bir oyunda qələbə qazansaq futbolçuların özünə inamı artar. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq olar. Əsas odur ki, addan qorxmayasan. Ancaq təəssüf ki, bəzi futbolçular rəqibin adından çəkinirlər.

- Son 2 oyunda 8 qol buraxmısınız. Siz də müdafiə xəttində çıxış edirsiniz. Təcrübəli futbolçu kimi gənclərlə birlikdə oynamaq sizə çətin deyil?
- Çempionatın ən çox qol buraxan komandasıyıq. Təcrübəli futbolçu, müdafiəçi kimi turnir cədvəlinə baxanda çox utanıram. Bu qədər top buraxmağımız çox pis təsir edir. Artıq elə fikir formalaşıb ki, bizimlə qarşılaşan komandalar 2-3 top fərqi ilə qələbə qazanmaq istəyirlər.

- Ancaq hücum xəttində də müəyyən problemlər var. Misal üçün, 9 oyunda cəmi 4 dəfə qol sevinci yaşamısınız...
- Müdafiə tək müdafiəçilərdən ibarət deyil. Dediyim kimi, futbolçu barədə problemlərimiz çoxdur. Əgər istər orta xətt, istərsə də, hücum xəttimiz yaxşı olsa, təbii ki, müdafiədə də daha inamlı çıxış edərik, az qol buraxarıq. Bunlar hamısı biri-biri ilə vəhdət təşkil edir.

- Gəncə futbolu həmişə yetişdirdiyi futbolçularla ad çıxarıb. Gəncədə keçirilən oyunlarda “Kəpəz”i məğlub etmək müşkül məsələ idi. İndi isə autsaydersiz. Nə baş verdi ki, Gəncə futbolu belə acınacaqlı vəziyyətə düşdü?
- Gəlin, düzünü danışaq. Bir çox sahədə maliyyə əhəmiyyətli rol oynayır. Həmçinin futbolda da. Misal üçün, Bakıda Gəncəyə rayon kimi baxırlar. Belə deyək, şəhər kimi qəbul etmirlər. Məsələ burasındadır ki, istər yerli, istərsə də legioner futbolçular Gəncəyə gəlmək istəmirlər. Ancaq futbolçu da var ki, onun üçün yerin heç bir əhəmiyyəti yoxdur. Əsas maddi imkanı yaxşı olan klub olsun. Özünüz də yaxşı
bilirsiniz ki, “Kəpəz”in maddi imkanları elə də geniş deyil. Futbolçuları da qınamaq olmur. Hansı klub daha çox pul təklif etsə ora gedirlər. Mən də hansı klub daha yaxşı təklif edibsə, onun formasını geyinmişəm. Demək istədiyim odur ki, komandanın maddi imkanı elə də geniş deyil, bura futbolçu gətirmək çətin məsələdir. Legioner seçimində də müəyyən səhvlər edilib.

- Etiraf edək ki, Gəncə futbolu imkansız vaxtlarında da futbolçu yetişdirib. Bunu tək pulla bağlamaq düz deyil...
- Düzdür, Gəncədə həmişə istedadlı futbolçular olub. Bildiyiniz kimi, Gəncə 4 il futbolsuz qaldı. Hazırda həmin o 4 il futbolun olmamasının acısı çəkirik. Həmin dövrdə başqa klubda oynayırdım. Buna baxmayaraq, gəncəli olduğum üçün tez-tez Gəncəyə gəlirdim. Həmin dövrdə uşaq futboluna axın sıfır dərəcəsində idi. Misal üçün, uşaqlar 17 yaşına qədər futbol oynayırdı, ancaq ondan sonra heç yerə keçə bilmirdi, itirdi. İndi isə elə deyil. “Kəpəz” var, birinci dəstədə çıxış edən “Tərəqqi” var. Ondan əlavə, əvəzedici heyətimiz, müxtəlif yaş qrupu üzrə komandalarımız formalaşıb. Düşünürəm ki, bu gün atılan bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək.

- Təcrübəli futbolçusuz, uzun illər Azərbaycan futboluna xidmət etmisiz, aparıcı klubların formasını geyinmisiniz. Artıq karyeranızın qürub çağını yaşayırsız. Mövsümün sonunda karyeranızı bitirəcəksiniz?
- Belə bir fikrim var. Bunu gələcək göstərəcək. Əgər klub rəhbərliyi, məşqçimiz qalmağımı istəsələr, mən də “Kəpəz”ə kömək edə biləcək gücdə olsam qalıb kömək edəcəyəm. Əks-təqdirdə zorla qalası deyiləm. Karyeramı bitirəcəyəm.

- Karyeranızı bitirdikdən sonra nə işlə məşğul olmağı düşünürsünüz?
- Futbol adamıyam. Futboldan başqa digər sahədə çalışmağı düşünmürəm. Hər şeyi gələcək göstərəcək. Əgər qismət olsa bu işdə qalacağam.

- Artıq növbəti ili arxada qoyuruq. Başa çatmaqda 2012-ci ili necə dəyərləndirirsiniz?
- Gəncə futbolu, “Kəpəz” üçün bu il uğurlu olmadı. Bu il KİV-də Gəncə futboluna indiyədək deyilməmiş sözlər deyildi, yazıldı.