“Neftçi” ilə oyunda şərəfimiz üçün meydana çıxmışdıq”
15.12.2012 - 12:37
“Neftçi” ilə oyunda şərəfimiz üçün meydana çıxmışdıq”
“Bu oyuna çox ciddi hazırlaşmışdıq. Deyirdilər ki, “Xəzər Lənkəran” qeyri-sabit çıxış edir. Ancaq biz bunun belə olmadığını “Neftçi” ilə oyunda sübut etdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev deyib.

Dünən Lənkəranda keçirilən “böyük oyun”da “Xəzər Lənkəran” “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldi. 83-cü dəqiqədə Adrian Pitsin vurduğu qol cənubluların vacib qələbəsini rəsmiləşdirdi. Həmin oyunda həlledici qolun ötürməsini verən Elnur Allahverdiyev bunu yerli fanatlarla çılğın şəkildə qeyd etdi.

29 yaşlı müdafiəçi bu qələbənin onlar şərəf məsələsi olduğunu vurğuladı: “Hər şeyi kənara qoymuşduq. Şərəf üçün meydana çıxmışdıq. Biz bunu özümüzə sübut etməliydik. Layiqli qələbə qazandıq. Qolu emosional şəkildə qeyd etdiyimi düzgün vurğulayırsız. Bu qələbəni nəinki Lənkərana, bütün cənub zonasına həsr etmək istəyirəm. Çünki onlar belə yağışlı gündə bizi tək qoymamışdı. İnşallah, bundan sonra da əlimizdən gələni edəcəyik ki, komanda üçün ən yaxşısı olsun. Qışda yeni transferlər edildikdən sonra daha yaxşı “Xəzər Lənkəran” görəcəksiz”.

Elnur bu il Avroliqanın qrup mərhələsində çıxış etmiş “Neftçi” üzərində qələbə qazandıqlarına görə çox sevindiyini bildirdi: “Neftçi” də Azərbaycanın komandasıdır. Bu üzdən onlarla fəxr edirik. Amma bu meydan, bu şeytan idi. Meydanda kim güclü idisə, o da qalib gəlməliydi. Biz meydana çıxanda rəqibin Avroliqada oynadığını fikirləşib çıxmamışdıq, biz öz şərəfimiz üçün meydanda mübarizə apardıq. Bütün oyunçulara, rəhbərliyə, azarkeşlərə qələbəyə görə minnətdarlığımı bildirirəm”.

Səbuhi TOFİQOĞLU