“Neftçi” ilə matçın favoriti elə biz idik”
15.12.2012 - 18:14
“Neftçi” ilə matçın favoriti elə biz idik”
“Xəzər Lənkəran”ın rumıniyalı yarımmüdafiəçisi Adrian Pitsin apasport.az saytına müsahibəsi

- Sizin üçün “Neftçi”yə qalib gəlməyin yəqin ki, başqa yeri var. Oyun doğrudanmı çox çətin keçdi?
- Əvvəla onu deyim ki, sevinc içindəyik. Səbəb isə çox sadədir. Biz əzəli rəqibimizə qalib gəlmişik. Doğrudan da budəfəki matç gözlənildiyindən də gərgin məcrada baş tutdu. Çətin qazanılası qələbə idi. Ancaq nəticədə biz bunu bacardıq.

- Bu qələbəni kimə həsr edirsiz?
- Təbii ki, azarkeşlərə. Onların dəstəyini hiss etməsəydik, bəlkə də bu cür möhtəşəm qələbə alınmazdı. Tərəfdarlarımız müdhiş idilər.

- Demək olarmı ki, bu qol sizin “Xəzər Lənkəran” karyeranızda ən həlledici qol idi?
- Birincisi, onu qeyd edim ki, mənim və ya başqasının qələbə topunu vurması o qədər də önəm daşımır. Bunlar kiçik məsələlərdir. Böyük məsələ isə bu qolun önəmi, komandaya qazandırdığı xaldır. Ancaq təbii ki, “Neftçi”yə vurduğum bu qol burda oynadığım dövrdə həlledici qolarımdan biri idi.

- “Neftçi” Avroliqada oynamış komanda olduğundan, onları oyundan öncə sizdən daha təcrübəli və matçın favoriti hesab etmək olardımı?
- Yox. Bunun dəxli yoxdur. Mən belə hesab etmirəm. Bu matçın favoriti elə biz idik. Sadəcə olaraq, orda bizim də çıxış etmək imkanımız vardı. Ancaq “Neftçi”dən fərqli, bizim Avroliqaya düşməyimizdə bəxtimiz gətirmədi. Biz səhvlər buraxdıq, nəticədə Avroliqadan kənarda qaldıq.

Səbuhi TOFİQOĞLU