Filip Despotovski: Bu qış Bakı klublarının birinə keçə bilərəm
17.12.2012 - 10:40
Filip Despotovski: Bu qış Bakı klublarının birinə keçə bilərəm
“İnter”də xoş xatirələrim qalıb. Orda yaxşı futbolçular və komanda var. Təəssüf ki, mənə o komandada öz oyunumu göstərməyə zədə imkan vermədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in sabiq yarımmüdafiəçisi Filip Despotovski deyib.

2010/11 mövsümündə “İnter”də çıxış etdiyi vaxt cəmi 14 oyuna çıxan makedoniyalı futbolçu Bakı klubunu unutmadığını bildirib. O, hətta Yunanıstanın Tripoli şəhərində “Asteras”a qarşı keçirilən görüşü izlədiyini də söyləyib: “Vaxt olduqca “İnter”in oyununu izləyirəm. Son zamanlar yüksəlişdədilər. Avroliqadakı oyunlarının birini stadiondan izlədim”.

Despotovski “İnter”dən ayrıldıqdan sonra “Rabotniçki”yə keçdi və bu klubla Makedoniya kubokunun finalçısı oldu. 30 yaşlı dayaq yarımmüdafiəçisinin yayda AZAL-a gələcəyi deyilsə də, sonradan bu keçid baş tutmadı.

Ancaq budəfəki açıqlamasında Filip ölkəmizə gələcəyini qətiyyətlə deyib: “Azərbaycandan təkliflər var idi. Sadəcə, ciddi bir şey olmadığı üçün Yunanıstanda “Pierikos”u seçdim. Hər şey qaydasında gedir. Lakin bu qış transfer dönəmində Bakı klublarının birinə keçə bilərəm. Amma indidən klubun adını demək istəmirəm”.

Qeyd edək ki, Despotovskinin çıxış etdiyi Katerini təmsilçisi Yunanıstanın aşağı dəstəsində mübarizə aparır.