“Neftçi” üçün 3 təxirə salınan oyundan birincisi
17.12.2012 - 11:41
“Neftçi” üçün 3 təxirə salınan oyundan birincisi
Sabah Topaz Premyer Liqasında ilk turdan təxirə salınan bir oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Neftçi” Avroliqada çıxışı ilə əlaqədar təxirə salınan 3 matçdan birincisinə çıxacaq. Bu, “Bakı” ilə derbi oyunu olacaq.

Paytaxt təmsilçiləri hələ avqustun 5-də start götürən cari çempionatda ertəsi gün üzləşməli idi. Ancaq həmin vaxt Avroliqanın təsnifat mərhələsində çıxış edən təmsilçimizin ardından digər həmşəhərliləri – “İnter” və AZAL-la oyunları da təxirə salındı.

Ötən mövsümün çempionu ilə kubokun qalibi olan “Neftçi” və “Bakı” II dövrədə oynamağa imkan tapıblar. “Ağ-qaralar” həmin matçda əzmkar qələbə qazanaraq, cari mövsümdə səfərdə ilk dəfə meydanı 3 xalı tərk edib. Həmin matçda hesabı açan “Bakı”nın kapitanı Elvin Məmmədovun milli çempionatlarımızda 10000-ci qolu vuran futbolçu kimi tarixə düşdü.

“Zolaqlılar”ın da bir sıra oyunları təxirə salınsa da, bunlardan “Xəzər Lənkəran”la səfər matçını keçirərək, 1:1 hesablı bərabərliyə qaldı. XVI turda “Turan”la Tovuzdakı matç isə rəqibin bazasında yanğın baş verdiyinə görə təxirə salındı. “Bakı”nın “altılığ”a düşməyi sual altında olduğundan, ehtiyatda olan matçı onun üçün çox vacibdir. Belə ki, bakılılar paytaxt derbisində qalib gələrsə, “Turan”ı keçərək, 8-ci pilləyə yüksələcək və 7-ci yerdə olan AZAL-la xal fərqini minimuma endirəcək.

Həmşəhərliləri ilə müqayisədə “Neftçi”nin turnir cədvəlində vəziyyəti yaxşı olsa da, liderlər qrupunda yer almağı üçün təxirə salınan oyunlardan maksimum istifadə etməlidir. Yəni komanda vahid lider olmağı üçün hər 3 matçda qalib gəlməlidir. Hələliksə “Bakı”nı məğlub etmək “Neftçi”yə turnir cədvəlində “Qəbələ”ni arxada qoyaraq, 4-cü pilləyə yüksəlməyə imkan verəcək.

I turdan təxirə salınan oyun
18 dekabr


18:00. “Neftçi” – “Bakı”
Bakı. 8-ci km qəsəbə stadionu
II dövrədəki oyun – 2:1