Vüsal Əliyev: O söyüşü sizə deyə bilmirəm
17.12.2012 - 12:06
Vüsal Əliyev: O söyüşü sizə deyə bilmirəm
“Simurq” rəhbərliyi hakimlikdən narazı qalmaqdansa, öz komandalarının nizam-intizamına fikir versinlər”. Bunu apasport.az saytına açıqlamasında Topaz Premyer Liqasının XVII turunda “Qəbələ” – “Simurq” matçını idarə etmiş Vüsal Əliyev deyib.

Qar yağması üzündən Qəbələnin Böyük Əmili kəndində baş tutan oyunda Vüsal Əliyevin idarəçiliyi 1:0 hesabı ilə qalib gəlmiş “Simurq” tərəfinin xoşuna gəlməyib.

Belə ki, Zaqatala klubu əsas qapıçı David Petjkeviçin oyundan sonra birbaşa qırmızı vərəqə almasından narazı qalıb. Qarşı tərəfin fikrinə görə, polşalı qolkiper referini söyməyib.

Ancaq Vüsal Əliyev bununla razılaşmır: “90+3-də bu qapıçıya vaxtı uzatdığı üçün sarı vərəqə vermişdim. Oyun başa çatdıqdan sonra isə köməkçimlə birgə meydançanın mərkəzində dayanmışdım. Ancaq həmin qapıçı paltardəyişmə otağına gedərkən məni təhqir etdi. Mən də ona haqlı olaraq qırmızı vərəqə verdim. Hazırda elə yerdəyəm ki, bu söyüşü sizə deyə bilmirəm. Ancaq onun niyə belə etdiyini anlaya bilmədim”.

Əliyev meydan sahibi “Qəbələ”yə cəmi 1, “Simurq”a isə 7 sarı vərəqə verməsinə də aydınlıq gətirib: “Simurq” qalib gəldiyi oyundan niyə narazı qalır? Onların bütün oyunlarına fikir versəniz, yerdə yatmaqla, vaxt uzatmaqla məşğuldurlar. Şemonayev əllə oynayır, Ramaldanov vaxt uzadır, Səttarlı əvəzlənərkən meydandan çox gec çıxmağa çalışır. İndi siz deyin, onlara sarı vərəqə verməyim, neyləyim? İkinci hissəyə 3 dəqiqə əlavə vaxt təyin etmişdim. Ancaq Rasim Ramaldanov yıxılıb yerdə qaldı, həkimləri çağırdım.

Bu üzdən oyunu daha 1 dəqiqə gec saxladım. Əslində isə buna görə 1,5 dəqiqə artıq oynatmalıyam. Sonra isə niyə matçı erkən bitirməməyimə görə mənə irad tuturlar”.