Kamran Ağayev: 8 kq artıq çəkidən əziyyət çəkirəm - MÜSAHİBƏ
17.12.2012 - 16:03
Kamran Ağayev: 8 kq artıq çəkidən əziyyət çəkirəm - MÜSAHİBƏ
Azərbaycan millisinin qapıçı Kamran Ağayev AFFA-nın keçirdiyi ilin ən yaxşı futbolçularının mükafatlandırılma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının xəbərinə görə, “Xəzər Lənkəran”ın transferə çıxardığı qolkiper öncə aldığı mükafatla bağlı danışıb.

- Nəyəsə layiq olmaq gözəl haldır. Əsas odur özümüzü itirməyək, işləyək. Çoxları elə bilir ki, futbol bizim üçün qurtarıb. Futbol bizi atmasa, biz ondan əl çəkən deyilik. Bu mükafatı qazanmaq asandır, ancaq saxlamaq çətin.

- Belə çıxır ki, bu mükafatdan sonra millinin əsas heyətində yeriniz daha da möhkəmlənəcək?
- Yığmanın əsas heyətində daim meydana çıxan futbolçu yoxdur. Sadəcə, liderlər var. Komandanın kapitanı, vitse-kapitanı var – lider onlardır. Baş məşqçi hansı futbolçunu hazır görürsə, ona da şans verir. Bilmək olmaz, gələcək oyunlarda meydana çıxacam ya yox. Bundan ötrü özümüzü doğrultmalıyıq.

- Qış fasiləsindən sonra sizi hansı komandanın heyətində görə biləcəyik? Belə variant gözlənilirmi?
- Hər şey gözlənilə bilər. Sadəcə, “Xəzər Lənkəran”da real məbləğ qoyulmadığına, müqaviləm olduğuna görə başqa komandaya keçə bilmədim. Yəqin ki, yayda bu komandadan ayrılacağam. Çünki həmin vaxt müqaviləm bitir. Ümumiyyətlə, “Xəzər Lənkəran”a gəldiyim gündə açdığım dəftəri artıq bağlamışam. Məni orda istəyənlər də, istəməyənlər də var. “Xəzər Lənkəran”da komanda yoldaşlarım arasında, rəhbərlikdə dostlarım var. Onları da belə ağır vəziyyətdə görəndə pis oluram. Çünki bu komanda həmişə çempionluğa oynayıb.

- Xeyli vaxtdır klubsuzsunuz. Bu müddətdə futbol həyatınız necə keçir?
- Həyatımı yaşayıram, futboldan danışmıram. Kimsə futboldan danışanda, ondan uzaq oluram.

- Gündəlik məşq edirsiniz?
- Peşəkar idmançı necə edirsə, biz də elə. Bu, hər kəsin başına gələn bir şeydir. Biz bunu yaşadıq. Sadəcə, bundan sonra bizə dərs oldu ki, hansısa bir komandaya getsəm, hər şeyi müqavilə şərtləri ilə edəcəyəm. Belə deyək ki, “kişi sözü”, “balamın canı” kimi ifadələrə baxmayacağam.

- Üzləşdiyiniz avtomobil qəzası haqda nə deyə bilərsiniz?
- Qəza 1 həftə əvvəl olub. Sadəcə, qəzaya düşmüşəm, yaxşı qurtarmışam. Əzilən yerim yoxdur.

- Təqsir kimdə oldu?
- Məni qırmızı işıqda vurublar. Özüm qayda pozuntusu çox edirəm. Ancaq bu dəfə günah bizdə yox, onlarda olub. Sadəcə, hadisəni gizli saxlayırdıq ki, mətbuata çıxmasın. Ancaq hardan çıxdısa bilmədim. Bir də mətbuat işçilərinə deyərdim ki, mobil telefonuma zəng edəndə futbolla bağlı sualları verməsinlər. Futbolla bağlı suallarınızı burdan cavablandırmağa hazıram. Hansısa kluba keçsəm, orda futbol oynayacağam. Ancaq indidən deyə bilmərəm ki, karyeramı harada davam etdirəcəyəm. O ki qaldı legioner həyatı yaşamalı olmağımla bağlı deyilənlərə, bundan ötrü insan hazır olmalıdır. Yayda istəyənlər var idi, gedə bilərdim. Sadəcə, “Xəzər Lənkəran”da qaldım, bu da bir qismətdir. İndiki vəziyyətdə hazır olmağıma görə gedə bilmərəm. 8 kq artıq çəkidən əziyyət çəkirəm. Mənə bir komanda lazımdır ki, orda formalaşım. Hazırda oyun praktikası sarıdan əziyyət çəkirəm. İndi xaricə getsəm, getdiyim kimi geri qayıdacağam. Buna görə belə vəziyyətdə getmək istəmirəm.

- Real təkliflər var?
- Təkliflər var, ancaq real deyil. Ola bilər ki, futbola qayıdışım alınmasın. Yenə üzülmərəm. Çünki futbolda dünya və Avropa çempionu olmaq Azərbaycan üçün real sayılmır. Ancaq yerdə qalan nəticələrin hamısını əldə eləmişəm.

Mehman SÜLEYMANOV