"Land of fire Azerbaijan" "Atletiko"nun hədiyyəsidir"
22.12.2012 - 23:28
"Land of fire Azerbaijan" "Atletiko"nun hədiyyəsidir"
"Yenidən Azərbaycanda və ölkənizin gözəl paytaxtında olmaqdan məmnunam. Hafiz Məmmədova təşəkkür edirəm ki, bizə bu qədər böyük diqqət və qayğı ilə yanaşır. Apasport.az saytının məlumatına görə, bu sözləri “Atletiko”nun baş meneceri Migel Angel Hil Marin deyib.

O, Topaz Premyer Liqasının XVIII turunda "İnter"-"Bakı" qarşılaşmasından sonra Madrid klubunun oyun forması üzərində yer alan və böyük rezonans doğuraraq, gündəmdə aktuallığını itirməyən "Land of fire Azerbaijan" barədə açıqlamasında bildirib:

“Komandamızın İspaniya La Liqası oyunlarına "Land of fire Azerbaijan" reklamı ilə çıxmasına aydınlıq gətirmək istəyirəm. Əməkdaşlıq barədə ilk müzakirələrimizdə "Bakı"nın prezidenti Hafiz Məmmədov bu tərəfdaşlığın tək futbolla çərçivələnməsini deyil, ümumiyyətlə Azərbaycan və İspaniya xalqlarının dostluğuna xidmət etməsi arzularını ifadə etdi. Bu təklif böyük maraqla qarşılandı. Biz Madrid klubu olaraq, qədim və tarixi ənənələrə malik Azərbaycan tərəfi ilə əməkdaşlıqla fəxr edirik. Bu ölkənin səmimi və mehriban insanlarına dərin hörmətlə yanaşırıq. Klublarımız və xalqlarımız arasında yaradılan bu körpüyə görə Hafiz Məmmədova təşəkkürümü bildirirəm”.

Həmçinin Migel Angel Hil Marin "Atletiko"nun oyun formaları üzərində "Land of fire Azerbaijan" yazısının yerləşdirilməsi ideyasının, kim tərəfindən verməsinə də aydınlıq gətirib.

Bildirmək istəyirəm ki, "Atletiko" formaları üzərində "Land of fire Azerbaijan" yazısının yerləşdirilməsi ideyasının müəllifi özüməm. Hətta onu da əlavə edim ki, yazının məzmun və dizayn ideyası da mənim təxəyyülümün məhsuludur. Madrid klubu bu reklamın yerləşdirilməsi ilə ölkənizə və xalqınıza olan hörmət və ehtiramını ifadə edir. Bu fəaliyyət üçün klubumuza heç bir vəsait ödənilməyib və bu məsələ müzakirə mövzusu deyil. "Land of fire Azerbaijan" "Atletiko"nun hədiyyəsidir. Biz iki klub arasında əməkdaşlığa geniş müstəvidən yanaşırıq. İnanıram ki, "Atletiko" və "Bakı" klubları arasında yaşanan hərtərəfli əməkdaşlıq Azərbaycan futbolunun inkişafında öz sözünü deyəcək".