Elçin Məmmədov: Mənim işim sarı vərəqə verməkdir
24.12.2012 - 14:40
Elçin Məmmədov: Mənim işim sarı vərəqə verməkdir
“İqor Mitreskinin haqqımda dediyi fikirlərlə tanış deyiləm və tanış olmaq da istəmirəm”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” – AZAL oyununda baş hakim olmuş Elçin Məmmədov deyib.

Qarşılaşmanın 39-cu dəqiqəsində İqor Mitreskinin AZAL-ın braziliyalı hücumçusu Nildoya qarşı etdiyi hərəkət makedoniyalı futbolçunun sarı vərəqə almasına səbəb olmuşdu. Ancaq sonradan videonun təkrarına baxıldıqda Mitreskinin sürüşmə fəndi zamanı rəqibin ayağına yox, topa toxunduğu görünür.

Məhz buna görə də 33 yaşlı futbolçu təcrübəsinə dayanaraq heç nədən vərəqə almasını başa düşmədiyini və İntizam Komitəsinin (İK) bu qərarı ləğv edəcəyinə inandığını söyləyib. Ancaq Elçin Məmmədov futbolçunun sözünə münasibət bildirmək istəməyib: “Futbolçunun haqqımda nə deməsi mənə maraqlı deyil. Həmin vərəqənin təkrarı olan epizoda baxmamışam. Mənim işim sarı vərəqə verməkdir, bunu da edirəm. Futbolçuya münasibət bildirə bilmərəm. İntizam Komitəsinin verdiyi qərarda hər şeyə aydınlıq gələcək”.

Səbuhi TOFİQOĞLU