“Meydanda bir-birini öldürməyə hazır idilər” - MÜSAHİBƏ
24.12.2012 - 16:21
“Meydanda bir-birini öldürməyə hazır idilər” - MÜSAHİBƏ
“Sumqayıt” klubunun futbolçusu Samir Abasovun apasport.az saytına müsahibəsi

- Kapitan kimi, mövsümün ilk 6 ayını necə dəyərləndirərdiniz?
- Fikrimcə, daha yaxşı çıxış edə bilərdik. Oynadığımız qarşılaşmalara yenidən baxanda görürsən ki, necə səhvlər buraxmışıq. Düzdü, ötən illə müqayisədə komandanın 8-ci pillədə olmasını nəzərə alanda çıxışımızı normal qiymətləndirmək olar. Üstəlik, qarşımıza hədəf kimi ilk “altılığ”a düşmək vəzifəsi qoyulmamışdı. Bəzi məqamlarda bəxtsizlik də oyunlarımızda öz sözünü deyib. Uduzduğumuz “Qəbələ” oyunu da daxil olmaqla, son 3 matçda yaxşı çıxış etmişik.

- Qış fasiləsindən sonra çempionatın ilkin təsnifat mərhələsinin son 4 turu sizi gözləyir. 6-cı pillədə olan “Xəzər Lənkəran”la aranızda 4 xallıq fərq olduğunu nəzərə alanda, ilk “altılığ”a düşəcəyinizə inanırsız?
- İlk “altılığ”a düşəcəyimizə inanmıram. Çünki ora düşmək şansımız cəmi 10 faizdir. Ora düşmək istəyən klublar bütün vasitələrə əl atacaq ki, nə yolla olur-olsun, ilk 6 komanda arasında olsun. Qışda yeni transferlər edib, yaxşı hazırlıq keçib bütün güclərini bu 4 oyuna qoyacaqlar.

- Bir ara “Sumqayıt”dakı legionerlərin komandaya can yandırmadığını deyirdiz...
- Mən indi də belə fikirləşirəm. Legionerlər bura bizim milliyə düşmək üçün gəlirlər. Bilirlər ki, yığmaya çağırılsalar, karyeraları da yüksələr. Üstəlik, milli komandada oynadıqları vaxt maddi baxımdan da irəli düşəcəklər. Bununla belə, legionerlərimiz son oyunlarda pis təsir bağışlamadılar. Bu da kluba can yandırmaqla bağlı deyil. Onlar bu yolla özlərini milli məşqçilərin gözünə soxmaq istəyirlər. Yerli futbolçularımız bizdəki legionerlərdən səviyyəcə aşağı deyil. Komandaya can yandıran yeganə insan mənəm ki, hər dəfə legionerləri tənqid edirəm və yenə edəcəm.

- Deyilənə görə, Ceyhun Sultanov komandadan gedir. Səhv etmiriksə, özü komandadan getmək istəyini dilə gətirmişdi...
- Vallah, indi siz deyirsiz, mən də eşidirəm. Heç bir yerdə olanda da Ceyhunla komandadan gedib-getməməsi haqda söhbətimiz olmayıb. Komandadan kimin gedəcəyi məni maraqlandırmır. Mən hazırda kənddəyəm. Rəhbərliyə də demişəm ki, nəsə tədbir filan olarsa, məni çağırmasınlar. Öz aralarında etsinlər. Mən istirahətdəyəm.

- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev açıqlamasında “İnter”lə “Simurq”un bir-birinə xal verdiyi, iki gürcü məşqçinin beləcə “bazarlıq” etdiyini bildirib. “İnter”in sabiq futbolçusu kimi bu fikrə münasibətiniz necə olardı?
- Bu sual mənə ünvanlanmamalıdır. Mən “İnter”də oynadığım dönəmlərdə özünüz yazırdız ki, Roman Pokora ilə Kaxaber Sxadadze arasında dava düşür. Futbolçular xaldan ötrü meydanda bir-birini öldürməyə hazır idilər. Bu üzdən bu suala cavab verə bilmərəm...

Səbuhi TOFİQOĞLU