Nikolas Kanales: Düz 1 həftə həmin oyundan danışdılar - MÜSAHİBƏ
25.12.2012 - 12:01
Nikolas Kanales: Düz 1 həftə həmin oyundan danışdılar - MÜSAHİBƏ
“Neftçi” klubunun futbolçusu Nikolas Kanales Çili mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, çilili hücumçu Azərbaycan karyerasından və milliyə düşmək arzularından bəhs edib.

- Azərbaycan çempionatında komandanızın durumu necədir? Liderdən geri qalmağınız nə ilə bağlıdır?
- Lider “İnter”dən cəmi 5 xal geri qalırıq. Bunu da ilin son oyununda azalda bilərik. Bütün fikrimizi bu matça yönəltmişik.

- Topaz Premyer Liqasının ən məhsuldar hücumçususunuz. Azərbaycanda işlərinizin belə yaxşı gedəcəyini gözləyirdiniz?
- Əslində, “Neftçi”də hər şey uğursuz başladı. Debüt matçımda qol vursam da, sonra 8 oyunda rəqib qapılarına yol tapmayınca tənqidlərə məruz qaldım. Ötən mövsümün bombardiri komanda yoldaşımdır. O, zədəli olduğundan məndən eyni məhsuldarlığı gözləyirdilər. Hamı qol tələb edirdi. 2 ay ərzində çox çətin oldu. Xoşbəxtlikdən məşqçi də mənə sonadək inandı. Mən də daha inamlı çıxış edib, öz oyunumu tapdım və qolları sıralamağa başladım.

- Noyabrın 17-də “Sumqayıt”ı 8:1 hesabı ilə məğlub edəndə, 4 qola imza atdınız. Həmin matçı necə xatırlayırsınız?
- Çox qəribə idi. Çünki rəqiblərimiz müdafiəyə daha çox diqqət ayırdığından bizə çətin olur. Həmin matçda isə qarşımda açıq meydan var idi. Nəinki 4, hətta 5-6 qol vura bilərdim.

- Azarkeşlər və media bunu necə qarşıladı?
- Düz 1 həftə həmin oyundan danışdılar. Hər yerdə məndən bəhs edirdilər. Hər şey möhtəşəm idi.

- Avroliqada mərhələ adlamasanız da, İtaliya “İnter”inə 2 qol vura bildiniz...
- Çox yaxşı oyunlar idi. Çempionlar Liqası və Avroliqada 12 oyun keçirmişəm. Mənə elə gəlir ki, mərhələ adlamağa təcrübəmiz çatmadı.

- Artıq sizə yönələn tənqidlər də qurtarıb?
- Əlbəttə. Məni oktyabr və noyabr aylarının ən yaxşı futbolçusu seçdilər. Çempionatın bombardiriyəm, televiziya verilişlərinə dəvət olunuram. Hamı mənim ustalıq səviyyəmdən danışır.

- Vurduğunuz qollar milli komandanın məşqçilərinin diqqətini cəlb edə bilər?
- Xəyallarla yaşamıram. Yığmaya çağırsalar, özümü xoşbəxt sayaram.

- Sizə elə gəlmir ki, bu qollarınızı Avropanın top-liqalarında vurmadığınız üçün sizə nəzər yetirən də olmayacaq?
- Düzdür, Azərbaycan çempionatı nə İspaniya, nə də İtaliyadakı kimidir. Amma burada da güclü oyunçular var. Braziliyadan, Rusiya, Ukrayna, Rumıniyadan yaxşı legionerlər çıxış edir. Hər il çempionat daha da güclənir.

- Çili millisinin yeni baş məşqçisi Xorxe Sampaolo haqda nə fikirləşirsiniz?
- Düşünürəm ki, Çili futbolundan başı çıxan və oyunçuları tanıyan mütəxəssisdir.