Cavid İmamverdiyev “Dinamo”da: 0 faiz!
25.12.2012 - 12:26
Cavid İmamverdiyev “Dinamo”da: 0 faiz!
“Neftçi” klubunun futbolçusu Cavid İmamverdiyevin Kiyev “Dinamo”suna keçidinin mümkünlüyünün faiz dərəcəsi açıqlanıb. Apasport.az-ın məlumatına görə, Ukrayna təmsilçisinin qeyri-rəsmi saytlarından birinin dəyərləndirməsinə əsasən yarımmüdafiəçisinin keçidi ilə bağlı yaranan söz-söhbətlər başdan-ayağa şayiədir.

Belə ki, kiyevlilər adı “Dinamo” ilə yanaşı hallanan oyunçuların siyahısını tərtib edib. Həmin namizədlərin MDB məkanının ən titullu klubuna keçidi ilə bağlı detallar da qeyd olunub. Potensial “Dinamo”çuların hansı klubdan gəldiyi, ona olan başqa müştərilərin siyahısı, transfer qiyməti və ampluasının olduğu cədvəldə ən maraqlı məqam keçidinin nə dərəcədə mümkün olması ilə bağlı faiz göstəricisidir.

25 nəfərlik siyahıya İmamverdiyevi də daxil edən ukraynalılar onun adının qarşısında 0% yazmağı da unutmayıblar. Bu isə onların Cavidi “Dinamo”da görməməyi anlamına gəlir. Maraq üçün qeyd edək ki, İmamverdiyev kimi yarımmüdafiəçi olan 3 oyunçuda bu rəqəm 100-ə bərabərdir. Onlardan Sergey Sidorçuk və Andrey Surikov yeni transferlərdirsə, Aleksandr Əliyev icarədən qayıdır. “Dnepr”dən qayıdacaq futbolçu elə Cavidlə eyni mövqedə çıxış edir.