“Növbəti mövsümdə ilk “altılıq” dekabradək bəlli olacaq”
25.12.2012 - 16:27
“Növbəti mövsümdə ilk “altılıq” dekabradək bəlli olacaq”
“Bu gün AFFA-da keçirilən görüşdə 6 məsələ müzakirə olunub”. Bunu apasport.az saytına açıqlamasında “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov deyib.

AFFA-nın inzibati binasında Topaz Premyer Liqasında mübarizə aparan klub rəsmiləri ilə keçirilən görüşlə bağlı məlumat verən Seyidov bildirib ki, öncə Gəncə və Tovuz şəhərlərindəki stadionların durumu müzakirə olunub: “İlk məsələ klublara uşaq futbolundan gələn vəsaitin bölüşdürülməyidir. “Turan” və “Kəpəz”in stadionları ilə bağlı vəziyyət ağırdır. Belə təklif oldu ki, AFFA UEFA-dan gələn pula Gəncə ilə Tovuzdakı stadionları inşa etdirsin. İkinci məsələ mart və aprel aylarında 19 yaşlılar arasında kubok yarışının keçirilməyidir. Bu, pilot layihə kimi nəzərdə tutulub”.

Seyidov legionerlərlə bağlı ödənişlərə AFFA-nın İcraiyyə Komitəsində baxılmalı olduğunu deyib. Onun sözlərinə görə, klublar bununla bağlı təkliflərini İcraiyyə Komitəsinə təqdim etməlidi: “Digər məsələ çempionatın formatı ilə bağlı idi. Prinsipcə, “altılıq” müsbət qarşılandı. Ancaq təklif olundu ki, həmin sistemə görə növbəti mövsümdə ilk “altılıq”da oynayan komandalar artıq dekabra kimi müəyyənləşsin və bunun üçün ilk mərhələ həmin vaxt başa çatsın. Həmin 2013/14 mövsümündə isə kubok yarışları fevrala, “altılıq” müəyyənləşəndən sonra keçirilsin. Ona görə ki, avrokuboklara gedən komandalar transfer edə bilsinlər, ilk “altılığ”a düşə bilməyən komandaların bahalı transferlər etməyə ehtiyacı olmasın”.

“Bakı” rəsmisinin sözlərinə görə, toplantıda legioner limiti də müzakirə edilib: “Klublar tərəfindən növbəti 2 ili əcnəbi futbolçularla bağlı İcraiyyə Komitəsi öz strategiyasını açıqlamalıdır. Yəni orda sistem necə olacaq: “7+4”, yoxsa “6+5”. İki il sistem tətbiq eləsin ki, klublar də buna uyğun legionerlər gətirsin”.

İcraçı-direktor UEFA-nın maliyyə tələbləri ilə bağlı geniş məlumat verib: “Ən əsası odur ki, UEFA-da çıxış edən klubların maliyyə meyarları diqqətdə saxlanılsın. Çünki bu il UEFA “Fair Play”la bağlı maliyyə hesabatı tətbiq edib və bu, çox ciddi yoxlanılacaq. Burda birincisi, klubların borcu olmamalıdır. İkincisi, özlərinin pul axının hərəkət xəttini dəqiq müəyyən etməlidir və UEFA-da da bu, görünməlidir. Çünki bu qurum klublara məxfi kod verib və orada klubun İdarə Heyətinin, futbolçularının hərəkət axını görünür. Burda pulların vaxtında alınmağı, vergilərin ödənilməyi, gələn gəlirlər, klubların strukturu ilə bağlı bütün xərclər orda öz əksini tapmalıdır. Buna görə də UEFA çox ciddi şəkildə bu məsələləri araşdıracaq. Ciddi problemlər olmasın deyə indidən bunlar diqqətdə saxlanılmalıdır”.

Seyidov təkliflərlə bağlı əsas İcraiyyə Komitəsinə məxsus olduğunu bildirib: “Biz də dedik ki, bunlar hamısı təklifdir. Sözsüz ki, İcraiyyə Komitəsində legionerlə, çempionatın ilk hissəsinin dinin dekabrda başa çatmağı ilə bağlı məsələlərə baxılacaq. Klublar da bu təklifə razıdır. Ancaq sözsüz ki, Azərbaycan futbolunun siyasətini müəyyən edən İcraiyyə Komitəsinin üzvləri var və son sözü onlar deyəcək. Qurum hansı qərarı qəbul etsə, çempionatda çıxış edən komandalar da buna uyğun öz işlərini quracaq”.

Mehman SÜLEYMANOV