Gü(r)cünü sonda görəcəyik...
26.12.2012 - 00:37
Gü(r)cünü sonda görəcəyik...
Deyirlər, qalib gəlmək üçün istifadə olunan istənilən fənd doğrudur. Əlbəttə, söhbət qaydalar çərçivəsində olan fəndlərdən gedir. Yəni kim zirvədədirsə, deməli, həmin pilləyə yüksəlməyə layiqdir. Gözəl oyun, əla hücum xətti, evdə və ya səfərdə daha çox toplanılan xallarla kimin güclü, kimin zəif olduğunu iddia etmək düzgün deyil.

Ancaq nədənsə, bizdə hər şeyə "şəbədə" qoşmaq adında mənasız bir adət var. Məğlubları təpikləmək sevimli peşəmizə çevrilsə də, qalibləri mühakimə etməkdən də çəkinmirik. Özü də futbol adamları bu işin qulpundan ikiəlli yapışır. Bir məşqçinin həmkarı haqda böhtan dolu fikirlər səsləndirməsini görəndən sonra digərlərindən nə gözləyək? Sözümün canı ondadır ki, hazırda zirvədə ilk iki yeri bölüşən "İnter"lə "Simurq"u gözü götürməyənlər çoxdur. Bu komandaları "qardaş"lıqda qınayandan tutmuş onların darıxdırıcı futbol oynadığını söyləyənlərə qədər hamı günəşin qarşısına bulud çəkmək istəyir. Doğurdanmı, bu, belədi? Məncə, bizdə həqiqət çox təhrif edilir.

"N" qədər belə nümunə var
Öncə qardaşlıq mövzusundan danışaq. Əlbəttə, indi mən buradan durub bu iki komandanın eyni mənbədən su içmədiyini iddia etsəm, inandırıcı görünməyəcək. Çünki hər şey göz qabağındadır. "İnter"lə "Simurq"un haradan maliyyələşməsi və komandaların eyni məzhəbdə olması Azərbaycanda bir aksimoaya çevrilib. Bu komandaların bir-birinə qarşı oyunlarına baxanda kimin kimə işlədiyini eynəksiz gözlə də görmək olur. Ona görə də nəyəsə şübhə etmək mənasızdı. Tarix boyunca "Simurq"un "İnter" üçün xal mənbəyi olması futbol ictimaiyyəti arasında əsas müzakirə obyektinə çevrilib. Hətta bu mövsüm "Simurq"un Bakıda "İnter"ə uduzması adi bir hal kimi dəyərləndirildisə, Zaqatalada meydan sahiblərinin qələbəsi heç nəyi dəyişmədi. "Simurq"un qələbəsi sırf ssenari kimi qələmə verildi.

Əlbəttə, bu 2 komandanın ittiham edənlərin danışmağa çox sözü olsa da, heç kimin əlində bu cinayəti sübut etməyə faktı yoxdu. İndiyə qədər tərəflərin razılığı haqqında nə diktafon lenti, nə də yazılı anlaşma var. Necə deyərlər, dəyirman öz işindədi, amma "çaq-çaq" baş ağrıdır.

Maraqlıdı ki, eyni problem Türkiyədə də var. Bu ölkədə oyun alqı-satqısından və ya çirkin işlərdən söz gedərkən hamı "Fənərbaxça"nı yada salır. Hazırda qardaş ölkədə belə bir fikir formalaşıb ki, guya ölkənin ən dələduz komandası "Fənərbaxça"dı. Guya "Sivasspor" və ya "Əskişəhərspor" kimi komandalar bəzən sırf "Fənər"in maraqlarına xidmət edir. Ancaq bu yerdə adam fikirləşir ki, görəsən, "Qalatasaray", "Beşiktaş" və "Trabzonsror" tarix boyunca təmiz komanda olub? Hətta həmişə təmizlik tərəfdarı olan digər 3 böyük komandanın azarkeşi müqəddəs kitaba əl basıb klubunun heç vaxt danışılmış oyunlara girişmədiyini iddia edə bilməz. Sadəcə, "Fənər" bir dəfə "məftilə ilişdiyinə" görə müzakirə obyektinə çevrilib.

Əlbəttə, Türkiyədə "İnter"lə "Simurq" nümunəsi olsaydı, həmin komandaların bazasının daşı-daş üstə qalmazdı. Bəlkə də orada da "saman altından su yeridənlər" var. Ancaq qardaş ölkədə bizim kimi səliqəsiz iş görmürlər. Görənlər də "Fənərbaxça"nın gününə düşürlər. Bəli, etiraf etmək lazımdı ki, bizdə bu əndama yüksək səviyyədə paltar tikə bilmirlər.

Ukraynada Donetsk "Metallurq"u da "Şaxtyor"un maraqlarına xidmət edən komanda kimi diqqət mərkəzinə düşüb. Ancaq bu ölkədə məsələ elə də şişirdilmir. Bəlkə də hər ikimiz postsovet məkanı ölkəsi olduğumuz üçün burada belə məqamlar faciəyə çevrilmir. Sadəcə, Ukraynadan fərqimiz ondadı ki, biz onlarla müqayisədə daha çox qeybət edənik.

Eyni mənbədən su içilirsə...
Belə bir yerdə maraqlı bir sualla vaxtınızı almaq istəyirəm. Görəsən, bizdə yalnız "Simurq" "İnter"ə oyun verir? Doğurdanmı, digər komandalar "aydan arı, sudan durudular"? Yəni son illər Premyer Liqada lazım olan anda A komandası B komandasına güzəştə getməyib?
Bax, bu suala əminliklə heç kim "yox" cavabı verə bilməz. Sadəcə, "İnter"lə "Simurq" eyni yerdən maliyyələşdiyinə görə daha çox gözə girir. Digər komandaların isə mənbəyi fərqli olduğundan onların "siğə"sindən danışmağa bir qədər ehtiyat edirsən. Amma dəfələrlə görmüşük ki, hansısa komandanın torbasını tikmək üçün bizdə biri digərinə güzəşt edib. Xüsusən də bəzən iddiasızlar həlledici məqamda nəhənglərlə görüşərkən "ağ bayraq" qaldırmaqla kifayətlənir.

Qaşınmayan yeri qanatmaq fikrində deyilik. Kimisə özgə yatağında görmədiyimizdən böhtana əl atmağımız bağışlanmaz günah olardı. Ancaq Azərbaycanda heç kimin sinəsinə döyüb təmiz olduğunu iddia etməyə haqqı yoxdu. Sadəcə, bizdə belə hallar müvəffəqiyyətlə ört-basdır edilir. "İnter"lə "Simurq"un isə adı çıxınca, canı çıx(m)ır.

Kimin buna şübhəsi ola bilər?
O ki qaldı bu iki komandanın liderliyinə, heç kim çıxıb onların uğurlu çıxışına "qulp" qoya bilməz. Yəni hazırda zirvədən kənar düşən komandalar hansısa bir amildə "bankirlər"lə onun farm-klubundan üstün olduğunu söyləməməlidi. Yaxşı, tutaq ki, toplanınlan xallar sübut deyil. Bəs, bu iki komandanın cari mövsüm evdə uduzmamasına nə ad verək? Gürcü məşqçilərin komandalarını ləkələyənlər də belə göstəriciyə imza ataydılar da. Düzdü, "Neftçi"nin evdə keçirdiyi 10 oyuna 8 qələbə qazanması və hazırda bu göstəricidə hamını qabaqlamasını da unutmamalıyıq. Amma istənilən halda, "flaqman"ın güzgüsü bir məğlubiyyətə görə çat verib. Hələ mən Böyükağa Hacıyevin komandasının səfərdə bərbad oynamasından danışmıram. Belə baxanda "Simurq"la "İnter" evdəki göstəricilərə görə yalnız "Neftçi"dən geri qalır. Səfərdə isə bakılılar 4, zaqatalalılar isə 6 tor buraxaraq digər komandalar arasında ən etibarlı müdafiə xəttiylə seçilir (Sport-Ekspress).

Hər şeyi bir kənara qoyaq, "Simurq" hələ yolun əvvəlində olsa da, "İnter"in artıq sistemi formalaşdırdığını iddia etmək mümkündü. "Bankirlər"in artıq öz dəst-xətti var. Hətta avrokuboklarda çox uzaqlara gedə bilməsə də, "İnter" elə də asanlıqla uduzmur. Uduzmaq nədi, adətən rəqibləri "İnter"i penalti sayəsinədə üstələyir. İndiki "İnter" polad kimi əyilir, amma sınmır. Farm-klub gözüylə baxılan "Simurq" isə yarandığı müddətdən bəri bir dəfə avrokuboklara da yüksələ bilib. Halbuki, bizdə ənənəsi olan bəzi komandalar zaqatalalıların yerişiylə yeriyə bilmir.

Əlbəttə, "altılıq"da bu komandaların bir-birinə qarşı oyununda "Simurq"un "İnter"ə xidmət edəcəyini və rəqibinə ən pis halda 4 xal verəcəyini söyləyənlər yetərincədi. Ancaq gəlin, öz gözümüzdən tiri götürək. Hazırda gürcü mütəxəssislərə ilişməklə biz vətənpərvər olduğumuzu sübut etməyə çalışmamalıyıq. Rusların yaxşı bir sözü var: tutulmamısansa, oğru deyilsən. Hələ heç kim qardaşları iş başında yaxalaya bilməyib. Gü(r)cünü payızda, yəni çempionatın sonunda görəcəyik.