Ardanın ürəyi hələ də “Cim-Bom”dadır
26.12.2012 - 01:19
Ardanın ürəyi hələ də “Cim-Bom”dadır
“Biz hər zaman “Qalatasaray” azarkeşiyik və hər zaman da komandamızı dəstəkləyəcəyik. Çempionlar Liqasının 1/8 final mərhələsinə adladıq. Mən əminəm ki, “Şalke”ni də məğlub edəcək gücdəyik. Buna inanırıq. İnşallah baş məşqçi Fatih Terim də uzun illər “Cim-Bom”un başında qalar”. Apasport.az saytının məlumatına görə, bu sözləri ötən il “Qalatasaray”dan Madrid “Atletiko”suna transfer olunan Arda Turan deyib.

Yarımmüdafiəçi Türkiyə televiziyalarının birinə verdiyi müsahibəsində, həm sabiq komandasını hələ də sevdiyini, həm də “Atletiko”nun bu mövsüm uğurlu çıxışını şərh edib:

“Bizim üçün bu mövsüm əla gedir. Əvvəlcə hədəfimiz Çempionlar Liqasına vəsiqə qazanmaq idi. Artıq turnir cədvəlində 40 xalımız var. Daha ilk dövrə başa çatmadı və hələ 2 oyunumuz da var. Avropa Liqasında da işlərimiz yaxşı gedir. Ümid edirəm ki, həmişə uğurlarımız belə davam edər. Mövsümü də yaxşı başa vurub azarkeşlərimizi sevindirək”.

Qeyd edək ki, Arda Turan “Atletiko”nun heyətində 44 matçda forma geyinib və 7 dəfə rəqib qapıçılarını məyus edib.