Yunis Hüseynov: Elə oldu ki, mənə səs verdilər
28.12.2012 - 12:49
Yunis Hüseynov: Elə oldu ki, mənə səs verdilər
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

- Artıq yeni ilə bir neçə gün qalıb. Şərq təqviminə görə, 2013-cü ilin hansı heyvan üstündə təhvil aldığını bilirsiz?
- Bilirəm, 2013 İlan ili olmalıdır.

- Bəs İlin ilinin sizinlə hansısa bağlılığının olmasını necə?
- Nə mənada deyirsiniz? Düşərli olub-olmayacağına görə?

- Məsələ ondadır ki, siz İlan ilində anadan olmusunuz...
- Hə, elədir. Fevralda 48 yaşım tamam olacaq. Ancaq mən bürcə-mürcə fikir vermirəm.

- “Qiyamət günü”nə də inanmırdınız?
- Əşşi nə qiyamət? Boş-boş şeylərdir. Qurban olum Allaha, hər şey onun əlindədir.

- Ancaq dekabrın 21-i üçün tədarük görənlər də az deyildi...
- Məgər, şam alanda ölməyəcək? Allah eləməsin, qiyamətin qabağını şam alacaq ki?

- 2013-cü illə bağlı arzunuz, ümidləriniz olmalıdır...
- Öncə deyim ki, yeni ili Bakıda ailəmlə birgə keçirəcəyəm. Hər bir insan yeni ildən yaxşı şeylər gözləyir. Hamını Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm, can sağlığı, işlərində uğurlar arzulayıram. İnşallah, il hamımız üçün düşərli olar.

- Təbii ki, yeni ildə işləməyi də istərdiniz...
- İnşallah, qismətdə varsa, olacaq. Yoxdursa, nə etmək olar?

- “Karvan”dan gedəndən sonra uzun müddət işsiz qaldınız. Yenidən belə aqibətlə üzləşəcəyinizdən ehtiyatlanmırsınız?
- Yox. O vaxt 1 il 8 ay işləmədim. Nəyisə reallaşdırmaq, dəyişmək bizim işimiz deyil.

- 2012-ci il yadınızda necə qaldı?
- Pis olmadı. Yenidən baş məşqçi işlədim. “Xəzər Lənkəran”la çempionatda gümüş medal qazandım, Avroliqada mərhələdə adladıq.

- Özü də “Xəzər Lənkəran” tarixində ilk dəfə avrokuboklarda qələbə qazanıb, mərhələ adladı...
- 2006-cı ildə “Karvan”la UEFA kubokunda ilk dəfə mərhələ adlamışdıq. Yaxşı ki, bu il də tarix oldu.

- Bundan əvvəlki İlan ili karyeranızda hansı iz buraxıb?
- 2001-ci ili deyirsiniz, onda mən futbol oynamırdım.

- Maraqlıdır ki, futbolçu karyeranızı məhz həmin vaxt “Kəpəz”də başa vurmusunuz...
- Dəqiq yadıma gəlmir. Ola bilsin belədir. Buna fikir verməmişdim.

- Bəs 24 il əvvəl necə?
- 1989-cu il yaxşı yadımdadır. Onda “Neftçi” I liqaya düşdü, məni də kapitan seçdilər.

- Həmin vaxt bir sıra təcrübəli futbolçular komandadan getmişdi...
- Komandada təcrübəli oyunçular var idi. Sadəcə, onda futbolçular da kapitanın seçilməyində iştirak edirdilər. Həmin vaxt baş məşqçimiz mərhum Ruslan Abdullayev idi. Elə oldu ki, mənə səs verdilər və ilk dəfə kapitan oldum. Ancaq SSRİ-nin yüksək liqasına qayıda bilmədik. Az sonra SSRİ dağıldı və artıq milli çempionatımızda “Neftçi”nin kapitanı kimi çıxışımı davam etdirdim.

Mehman SÜLEYMANOV