“Yerli klublardan mənə təklif gəlməz” - MÜSAHİBƏ
28.12.2012 - 14:51
“Yerli klublardan mənə təklif gəlməz” - MÜSAHİBƏ
Azərbaycan milli komandasının sabiq məşqçisi Elxan Abdullayevin apasport.az saytına müsahibəsi

- 2011-ci ilin payızında AZAL-dan ayrıldıqdan sonra çalışmırsınız. Yaxın zamanlarda hansısa komandaya keçmək variantınız var?
- Xeyr, heç bir yenilik yoxdur.

- İşsiz qaldığınız müddətdə təklif almamısınız, yoxsa aldıqlarınızla razılıq olunmayıb?
- Təklif çox olub. Lakin razılığa gəlməmişik.

- Aldığınız təklifləri qəbul etməməyinizin səbəbi nədir?
- Səbəblər müxtəlif olub. Biri ilə maddi məsələdə, digəri ilə başqa məsələdə anlaşa bilməmişik.

- Hər halda, bu qədər işsiz qalmaqdansa, təkliflərin birini qəbul etmək olardı...
- 1 il gözləmişəmsə, yenə gözləyərəm. Hər təklifi qəbul edəcəkdimsə, niyə bu qədər gözləyirdim ki?

- Hansı komandalardan təklif alıb, amma qəbul etməmisiniz?
- Bunu açıqlamaq düzgün olmaz.

- Xaricdə yaxşı əlaqələriniz var. Əcnəbi klublarda çalışmağınız niyə mümkün olmur?
- Mən də elə xaricdən təklif gözləyirəm.

- Bəs yerli klublar?
- Yerli klublardan mənə təklif gəlməz.

- Niyə?
- Yerli klublardan kim təklif alır ki, mən də alım?

- Bəs bunun səbəbi nədir?
- Görürsünüz də, hamı əcnəbiyə üstünlük verir. Artıq tendensiya belədir.

- 2012-ci ili bütünlüklə kənardan izlədiniz. Azərbaycan futbolu üçün Əjdaha ilini necə dəyərləndirirsiniz?
- Fikrimcə, yaxşı qiymət vermək olar. Bizi öncə “Neftçi” sevindirdi. Avropa Liqasının qrup mərhələsinə düşməklə sübut etdi ki, komandalarımız bu səviyyədə də oynaya bilər. Həm də “Neftçi” digər klublara nümunə oldu. İndiyədək komandalarımız avrokuboklara düşmək haqda düşünürdü. Bundan sonra isə onlar da qrup mərhələsinə yüksəlməyi qarşısına məqsəd qoyacaqlar. Digər tərəfdən, UEFA reytinqində də irəliləmişik. Bu qarşıdakı mövsümlərdə xeyrimizə olacaq. Əvvəllər həmişə səpələnməmişlər sırasında olurduq. İndi isə işimiz asanlaşacaq. 2012-ci ildən danışarkən, 17 yaşadək qızlar arasında dünya çempionatının Azərbaycanda keçirilməsini də qeyd etməliyəm. Böyük yarış idi. Belə yarışlar ölkəmizdə nə qədər çox olsa, bizi bir o qədər çox tanıyacaqlar. Çempionat da yüksək səviyyədə təşkil olunmuşdu. Bir sözlə, 2012-ci il pis olmadı.

- Milli komandanın çıxışını necə dəyərləndirirsiniz?
- Düzdür, komandamız cəmi 2 xal yığıb. Lakin 4 oyundan 3-ü səfərdə keçirilib. Gələn il evdə daha çox matç keçiriləcək. Səfərdə 1:1 hesablı heç-heçə etdiyimiz Şimali İrlandiya ilə millimiz öz meydanında qarşılaşacaq. Həmin matçda da yığmamız qalib gələ bilər. Komandamızdan 2013-cü ildə daha çox xal yığıb mümkün qədər yüksək yer tutmasını gözləyirəm.

- Topaz Premyer Liqasındakı mübarizə haqda nə düşünürsünüz?
- Sevindirici haldır ki, “Simurq” 2-ci pillədə qərarlaşıb. Ona görə sevindiricidir ki, heç kim bu komandadan belə oyun gözləmirdi. Bu bir daha göstərir ki, çempionatda rəqabət var. Oyunlar maraqlı keçir. 10 il əvvəl demək olardı ki, “Neftçi”nin hansısa komanda ilə oyunda qalib gələcəyini söyləmək olardı. Amma bu, indi mümkün deyil. Hər komanda istənilən rəqibindən xal ala bilər. Ümumilikdə, çempionatın səviyyəsi artıb.