Vaqif Əliyev: “Turan”ı alçaltmaq istəmirəm, amma... QALMAQAL
28.12.2012 - 15:42
Vaqif Əliyev: “Turan”ı alçaltmaq istəmirəm, amma... QALMAQAL
“Salif Ballonun transferi ilə bağlı şəxsən özüm məşğul idim. Şərtlərimizi “Turan” rəsmilərinə deyəndə, razılaşmışdılar. Ancaq sonradan mətbuatdan oxuyuram ki, 100 min dollar istəyirlər. Bu məbləğ isə bizi qane etmədi”. Bunu apasport.az saytına açıqlamasında “Simurq” klubunun icraçı-direktoru Vaqif Əliyev deyib.

Ötən qış fasiləsində “Xəzər Lənkəran”ın Malidən gətirdiyi Salif Ballo “ağ-yaşıllar”da möhkəmlənə bilmədiyi üçün mövsümlərarası fasilədə “Turan”a keçdi. Bu komandada vurduğu qollarla bombardir olan afrikalı hazırda transferə çıxarılıb.

Malili futbolçunun transferinə 100 min dollar vermək fikrində olmadıqlarını deyən Əliyev ondan imtina etdiklərini bildirib: “Çünki Ballonu bu məbləğə transfer etməyə dəyməz. 100 min kluba ödədikdən sonra, üstəlik təxminən bir o qədər də futbolçuya verməlisən. Ondansa 200 minə daha güclü legioner gətirərik. “Turan”ı başa düşürəm, pul qazanmaq istəyir. Ancaq hər şeyin bir ölçü meyarı var. Məgər, Ballo üçün bu 4 ayda 100 min xərcləyiblər? “Xəzər Lənkəran”a lazım olmadı, “Turan” götürdü. İndi onu niyə belə “qiymətləndirirlər”? Məgər Ballo ayda 20 min maaş alıb ki, indi qiyməti belədir?”

İcraçı-direktor deyib ki, Azərbaycan miqyasında bu transferin məbləği real deyil: “Balloya 100 min qiymət qoymaq gülüncdür. Yaxşıdırsa, Tovuzda saxlasınlar. Pisdirsə, münasib şərtlə versinlər. Mən “Turan”ı alçaltmaq istəmirəm, amma hər şeyin bir həddi var. Onlar futbolçunu satışı ilə qazanmaq istəyirlər”.