“Turan”dan “Simurq”a sərt cavab
28.12.2012 - 16:48
“Turan”dan “Simurq”a sərt cavab
“Transferə çıxardığımız futbolçulardan Fərid Quliyevlə Ender Günlü özlərini reklam edirlər. Yalnız Salif Ballo ilə bağlı “Simurq”dan təklif almışdıq. Ancaq sevdamız baş tutmadı”. Bu fikirləri apasport.az saytına “Turan”ın vitse-prezidenti Namiq Məstanov deyib.

O, malili futbolçu Salif Ballonun keçidi ilə bağlı “Simurq”la danışıqların olduğunu təsdiqləyib. Elə Zaqatala klubunun icraçı-direktoru Vaqif Əliyev də saytımıza açıqlamasında hücumçunun xidmətində maraqlı olduqlarını, ancaq transferinə 100 min dollar qoyulduğu üçün onu almaq fikrindən vaz keçdiklərini bildirib. Hətta Əliyev bildirib ki, futbolçuya bu qədər qiymət qoymaq real deyil.

Əliyevlə razılaşmayan Məstanov vurğulayıb ki, əgər Ballo xaricdə oynasaydı, ona qarşı münasibət dəyişərdi: “Qardaş, malımın qiyməti budur. Ballo Türkiyə klubunda oynasaydı, onun transferinə 300 min verərdilər. Ancaq Azərbaycanda oynadığına görə heç 100 minə də razılaşmırlar. Bizim futbolçularla eyni, hətta ondan 2 dəfə aşağı səviyyəli legioneri 5 qat artıq qiymətə alırlar. Ancaq ondan 2 dəfə güclü legionerə istənilən qiyməti vermirlər”.

Qeyd edək ki, malili hücumçu cari mövsümdə vurduğu 7 qolla “Turan”ın ən sərrast futbolçusudur.