Remi Premyer Liqa yolunda
28.12.2012 - 22:56
Remi Premyer Liqa yolunda
İngiltərə Premyer Liqasının təmsilçisi “Nyukasl”ın hədəfində olan futbolçu bəlli olub. Apasport.az saytının məlumatına görə, turnir cədvəlinin aşağı pillələrində qərarlaşan “sağsağanlar” “Marsel”də forma geyinən Loik Remini transfer etməyi planlaşdırır.

Komandanın baş məşqçisi Alan Pardev klub rəhbərliyinə “Nyukasl”la yolları ayrılacağı gündəminə gələn Deba Baya layiqli əvəzləyici kimi Fransa klubunun forvardının alınmasını tələb edib.

İngilis mətbuatının verdiyi xəbərə görə, bu hücumçu üçün “Nyukasl” 10 milyon avro verməyə hazırlaşır. Bu transfer baş tutduğu təqdirdə isə Remi yanvar ayından etibarən İngiltərə Premyer Liqasında çıxış edəcək.

Qeyd edək ki, Loik Remi 2010-cu ildə “Nitsa”dan “Marsel”ə keçib. O, burada 68 qarşılamada forma geyinib və 27 qola imza atıb.