Benitesin yeni hədəfi
28.12.2012 - 23:32
Benitesin yeni hədəfi
David Vilyanın transferi üçün “Barselona”dan rədd cavabı alan “Çelsi” indi də digər ispan hücumçu ilə maraqlanır. Apasport.az saytının “As” qəzetinə istinad məlumatına görə, “zadəganlar” “Sevilya”nın futbolçusu Alvaro Neqredonu qışda heyətinə qatmağı planlaşdırır.

London klubunun baş məşqçisi Rafael Benitesin siyahısında yer alan forvard üçün “Çelsi” rəhbərliyi, “Sevilya”ya 18 milyon avroluq təklif etməyə hazırlaşdığı bildirilir.

İspaniya təmsilçisinin prezidenti Del Nino da bu təkliflə razılaşmaq məcburiyyətindədir. Çünki komanda maliyyə problemləri ilə üzləşib. Elə bunun üçün də Nino futbolçularına göndərilən təklifləri dəyərləndirəcəyini vurğulayıb:

“Bizim bəzi maliyyə problemlərimiz var. Bu çətinlikdən çıxmaq üçün isə oyunçularımıza edilən sərfəli təklifləri dəyərləndirəcəyik”.

Qeyd edək ki, 2009-cu ildən “Seviliya”da çıxış edən Alvaro Neqredo “Çelsi”yə keçəcəyi təqdirdə komandanın 5 hücumçusu olacaq.