“Poloniya” “Neftçi” ilə oynamaq istəyir
29.12.2012 - 14:21
“Poloniya” “Neftçi” ilə oynamaq istəyir
“Neftçi” qış fasiləsində Antalyada 24 günlük hazırlıq keçəcək. Komandanın baş məşqçisi Böyükağa Hacıyev Türkiyədə keçəcəkləri təlim-məşq toplanışının gedişində qısa müddətli vətənə qayıtmayacaqlarını bildirib.

Onun sözlərinə görə, hazırlığın ilk mərhələsindən sonra istirahət elə Antalyada olacaq: “İş günüm az olduğundan, hazırladığım proqramı çatdırmaq olmur. Buna görə də Türkiyəyə bir dəfə gedib, bir dəfə qayıdacağam. Ora yanvarın 11-də yollanacağıq və 23-dək hazırlıqda komandaya ağır yüklənmə verməyəcəyəm. Futbolçular yanvarın 24-25-də istirahət edəcəklər və 26-da hazırlığı davam etdirəcəyik. Bu, fevralın 3-dək olacaq və ikinci hazırlıq mərhələsini işləyəndən sonra birdəfəlik qayıdacağıq”.

Hacıyev bu müddətdə 5-6 yoxlama oyunu keçirməyi planlaşdırdıqlarını söyləyib: “Rəqiblər arasında Avropanın bir sıra tanınmış klubları olacaq. Xorvatiyanın “Hayduk” klubu ilə oyun nəzərdə tutulub. Ola bilər ki, ilk oyun zəif rəqiblə olsun. Ancaq növbəti matçlarda güclü komandalarla üzləşəcəyik. Sizə deyim ki, Polşanın “Poloniya” komandası bizimlə oynamaq istəyir. Keçən qışda onları udmuşuq. Əhməd Kadırovun xatirə turnirində iştirakımız yenə mümkün ola bilər. Bu turnir yenə Antalyada keçirilməlidir. Keçən il biz həmin turnirdə 3-cü yeri tutmuşuq”.

Qeyd edək ki, həmin turnirdə “Neftçi” “Poloniya”ya 3:1 hesabı ilə qalib gəlmişdi.