“Bu “Neftçi” əvvəlkindən 3-4 dəfə güclü olacaq” - MÜSAHİBƏ
29.12.2012 - 18:00
“Bu “Neftçi” əvvəlkindən 3-4 dəfə güclü olacaq” - MÜSAHİBƏ
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyevin apasport.az saytına müsahibəsi

- İl sizin üçün uğurlu alındı. “Neftçi” ilə Avroliqanın qrup mərhələsinə düşdünüz, ilin məşqçisi seçildiniz. Ancaq komandanız qış fasiləsinə 4-cü pillədə yollandı. 2012-yə necə yekun vurardınız?
- Mən elə məşqçiyəm ki, elədiyimi heç vaxt yetərli saymıram. “Neftçi”nin bu il böyük uğurlara imza atmağına baxmayaraq, mən heç nə eləməmişəm. Şəxsən işimdən razı deyiləm.

- Narazılığınız nədir?
- Çox təəssüflər olsun ki, bu gün futbolda şedevr əsərimi yarada bilməmişəm.

- Məsələn?
- “Neftçi” qrup mərhələsindən çıxsaydı, bəlkə də bunu “şedevr əsər” adlandırmaq olardı. Təəssüf ki, qrupdan çıxa bilmədik. Hamı “Neftçi”nin qrupdakı çıxışını qənaətbəxş sayır. Ancaq mən yox. Əgər bir az istəyimiz, yaxud əlimizin altında yetərincə “material” olsaydı, bundan da böyük uğurlara imza ata bilərdik.

- Bəs çempionatda hazırkı mövqe sizi nə dərəcədə qane edir?
- Bu gün heç nə itirilməyib. Hər şey qabaqdadır. Azarkeşlər fevralda fərqli “Neftçi” görəcəklər. Bu “Neftçi” əvvəlkindən 3-4 dəfə güclü olacaq.

- Qış fasiləsində heyətin güclənməsinə əminsiniz?
- Bəli. Adım qədər əminəm, heyət güclənəcək.

- Bəzi əcnəbi və yerli futbolçuların adları “Neftçi” ilə yanaşı hallanır. Bu barədə nə deyə bilərsiniz?
- Klubun prezidenti Sadıq Sadıqovla bir neçə dəfə söhbətim olub. Mənə minimum 3-4 futbolçu alınacağını deyib. Ona lazım olan mövqeləri göstərmişəm. Bilin ki, yeni legionerlərin hamısı yanvarın 11-də Antalyada düşərgəmizə gələcəklər.

- Sizə hansı mövqelərə futbolçu lazımdır?
- Qapıçı, müdafiəçi və oyun qurucusuna ehtiyacımız var.

- Bəs hücumçu? Nikolas Kanales ön xətdə tək qalıb...
- Hücumçu varımızdır, Bahodir Nasimov qayıdır.

- Nasimovun tam hazır olmağına vaxt lazımdır...
- Bahodir qışda tam ixtiyarımda olacaq. Əminəm ki, əvvəlki oyununu göstərə biləcək. Hücumda rəqabət yaranacaq. Elə olacaq ki, Nasimovla Kanaleslə eyni zamanda meydana çıxacaqlar. Yaxud tək hücumçu ilə oynadığımızdan, biri start heyətində yer alacaq. Əsas odur ki, artıq hücumda rəqabət var.

- Konkret hansı legionerlər gələcək?
- Səmimi deyirəm, transferlərin haradan, neçəyə gələcəyi ilə maraqlanmıram. Antalya hazırlığında son sözümü deyəcəyəm.

- Onlar baxışa gələcəklər?
- Bəli. “Neftçi” elə klubdur ki, burda birbaşa transfer olmur. Kiməsə baxmasam, transfer baş tuta bilməz.

- Serbiyalı qapıçı Saşa Stamenkoviç “Xəzər Lənkəran” və “İnter”lə oyunlarda səhvlərə yol verdi...
- Yadınızdan çıxmasın ki, Saşa bu gün sayılıb-seçilən qapıçılardandır. Ancaq onun da zəif yerləri var. Komandaya hökmən rəqabət aparan qapıçı lazımdır. Stamenkoviç həmişə arxasında kiminsə nəfəsini hiss etməlidir. Bu da olacaq.

- Kamran Ağayevin sizdən təklif gözləyir...
- Kamranı komandada görmək istəyərəm. Ancaq bu gün heç kim zəmanət verə bilməz ki, 100 faiz gələcək. Ağayevin “Xəzər Lənkəran”dan asılılığı var. Kamran həmişə deyib ki, Azərbaycanda yeganə rəqibim “Neftçi”dir.

- Ağayevi prinsipial rəqibinizin futbolçusu olduğu üçün almaq istəyirsiniz?
- Yox, yaxşı qapıçı olduğuna görə.

- Amma Ağayev əvvəllər heç vaxt “Neftçi”yə can yandırmayacağını, bu komandada oynamayacağını deyib...
- Zaman hər şeyi yerinə qoyur.

- “Neftçi”də gələcək taleyinizi necə görürsünüz?
- Həddindən çox təkliflər var. Bunu gizlətmirəm. Ancaq bu gün “Neftçi”nin ixtiyarındayam. Bildiyiniz kimi, gələn ilin mayın sonuna kimi bu klubla müqaviləm var. Mənim üçün ən vacib Sadıq Sadıqovun sözüdür. Ömrü boyu mövsümün ortasında Sadıqovun razılığı olmadan heç yerə getmərəm. Çünki bu insan mənim üçün çox önəmlidir.

- Müqavilə bitəndən sonra xaricə getmək istəyirsiniz?
- Sadıqov “get” deməyincə getmərəm. Mənə Avroliqada qrupa düşəndən sonra təkliflər olub. Məni həm daxildə, həm də xaricdə istəyən komandalar var. Hətta bu yaxında, “İnter”lə Milanda 2:2 hesablı bərabərliyə qaldığımız oyundan sonra italyan menecer zəng vurmuşdu.

- Sizə marağın artmağında xaricdə verdiyiniz iddialı açıqlamalarınız böyük rol oynayıb?
- Mən başqaları kimi beynimdə bir şey fikirləşib, dilimə başqa şey gətirmirəm. Fikirləşdiyimi deyirəm. İstər azərbaycanca, istərsə də rusca fikirlərimi qarşı tərəfə təmiz çatdırıram. Buna görə də hər gün öz orijinallığımla gündəmdəyəm.

Mehman SÜLEYMANOV