“Qəbələ” “Metallurq”la qarşılaşa bilər
29.12.2012 - 17:36
“Qəbələ” “Metallurq”la qarşılaşa bilər
“Hələ ki, təşkilatçılar göndərdiyimiz tarixlərdə hansı komandalarla yoxlama oyunu keçirəcəyimizi bizə bildirməyib”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.

“Qəbələ” Antalyada təlim-məşq toplanışı keçəcək. Yanvarın 20-dən fevralın 2-dək müddəti əhatə edəcək toplanışda komanda 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Ancaq Ramiz Məmmədovun yetirmələrinin hələ ki konkret hansı tarixdə hansı rəqiblə gücünü sınayacağı bəlli deyil.

Bununla belə, ilkin ehtimallar mövcuddur. Əzizovu dinləyək: “Almaniyanın 2-ci Bundesliqa təmsilçisi də bizim kimi “Gloria Serenity” otelində qalacaq. Bu üzdən həmin komanda ilə qarşılaşmaq ehtimalımız var. Bundan başqa, Ukrayna Premyer Liqasında mübarizə aparan Zaporojye “Metallurq”u ilə görüşə bilərik. Bu komanda bizimlə eyni oteldə qalmasa da, onlarla qarşılaşmaq ehtimalımız yüksəkdir”.

Qeyd edək ki, “Qəbələ”nin yoxlama oyunlarının yanvarın 22-si, 25-i, 28-i və fevralın 1-də keçirilməsi planlaşdırılıb.

Səbuhi TOFİQOĞLU