Zeynal Məmmədov: Kim deyir ki, bizim şansımız azdır? - MÜSAHİBƏ
30.12.2012 - 00:05
Zeynal Məmmədov: Kim deyir ki, bizim şansımız azdır? - MÜSAHİBƏ
“Bakı”nın baş meneceri Zeynal Məmmədovun apasport.az saytına müsahibəsi

- Adətən komandalar fasiləyə yollananda məşqçilər heyəti ilə klub rəhbərliyi arasında görüş keçirilir. Sizdə belə bir toplantı baş tutdumu?
- Baş məşqçimiz Bojidar Bandoviç yanvarın 6-da Bakıya qayıdacaq. Düşünürəm ki, həmin gün klub prezidenti Hafiz Məmmədovla görüşər. Ancaq Hafiz müəllimlə özüm artıq kimlərin gedəcəyini müəyyənləşdirmişik. Belə götürəndə Nenad Kovaçeviç, Duye Bakoviç, Maris Verpakovski, Uinston Parks kimi futbolçuların gedəcəyi dəqiqdir. Uinston Parks zədəlidir, mövsümün sonuna kimi oynaya bilməyəcək. Yəni bu adlar müzakirə olunub. Hansı futbolçuların alınacağı, hansı mövqelərə oyunçular transfer olunacağı da deyilib.

- Adlarını çəkdiyiniz futbolçulardan müqavilələri başa çatan varmı?
- Kovaçeviçlə müqavilənin müddəti başa çatıb. Ancaq digərləri ilə 6 ay və 1 illik müqavilələr mövcuddur. İnşallah, müqavilələri qalan futbolçuları razı halda yola salacağıq.

- Komandadan 6 futbolçunun ayrıldığı deyilir. Digər 2 futbolçu öncədən “Bakı”dan çıxarılmış Leandro Beserra ilə Vangelis Mantsiosdur?
- Bəli.

- Bəs Cəmşid Məhərrəmovun taleyi necə olacaq?
- Cəmşidin məsələsi hələ açıq qalır. O, yerli oyunçudur, durub da.

- Belə demək olarmı ki, yerli futbolçulardan heç kimlə yolları ayırmağı düşünmürsüz?
- Vallah, ola bilər ki, yerlilərdən də 1-2 futbolçunu yola salaq. Çünki almağa da 1-2 yerli oyunçu bizə lazımdır.

- Aqil Nəbiyevlə məsələ nə yerdə qaldı?
- Onunla ilyarımlıq müqavilə bağladıq.

- Ukrayna mətbuatı “Stal” klubunun hücumçusu Roman Loktionovla maraqlandığınızı iddia edir. Bu xəbər nə dərəcədə doğrudur?
- Boş söhbətdir, qardaş.

- Bəs “Qelios”un məşqçisi Vladimir Şexovtsevin komandaya təyin olunması?
- Yox, bu da yalan məlumatdır. Məşqçilər heyətində dəyişiklik gözlənilmir.

- Müqavilə ilə sizə məxsus olan ispaniyalı futbolçu Koke ilə aranızdakı problemləri həll edə bildiz?
- Onun klubla müqaviləsi bu dekabrda başa çatdı. Bu müddətə kimi bizdən icazəsiz heç bir kluba keçə bilməzdi.

- Bəs son 6 ay ərzində oynamadan onun maaşlarını verirdiz?
- Yox. Bizdə oynamaqdan imtina etdiyi üçün maaşını da almadı.

- Maaşını ala bilmədiyi üçün sizdən FİFA-ya şikayət etmədi ki?
- Xeyr.

- Antalyada keçirəcəyiniz yoxlama oyunlarında hansı klublarla qarşılaşacağınız dəqiqləşib?
- 3 yoxlama oyununda qüvvəmizi sınayacağıq. Ancaq klubların adları hələ müəyyənləşməyib?

- Heç onların hansı ölkələrin təmsilçiləri ola biləcəyinə dair ehtimallar da yoxdur?
- Vallah, hələ heç nə bilinmir.

- Qış fasiləsində heyəti gücləndirib ilk “altılığ”a düşməyə can atırsız. Ancaq real yanaşsaq, indiki “altılıq”dan kimlərinsə yerini verəcəyi inandırıcı gəlmir...
- Bizim ehtiyatda bir artıq oyunumuz olduğunu nəzərə alanda “Qəbələ”dən 6, “Xəzər Lənkəran”dan 2 xal geridəyik. Bu iki komandanın isə bizdən fərqli, 4 oyunu qalıb. Bu üzdən “Bakı”nı hələ hesabdan silmək tezdir.

- Komanda ilk “altılığ”a düşə bilməsə, mövsümün gedişində köklü islahatlar ola bilərmi?
- Hər halda. Ancaq gəlin, “Bakı”nın ölkə kubokunda mübarizəni davam etdirdiyini də unutmayaq. “Altılıq” baxımından da şanslarımız var. Kim deyir ki, şansımız azdır? Bəlkə də “Qəbələ”, “Xəzər Lənkəran”la bizi müqayisə etsək, bizim şanslarımız onlarınkından daha yüksəkdir. Çünki biz növbəti 4 oyundan 3-nü evdə, 1-ni isə səfərdə keçirəcəyik.

Səbuhi TOFİQOĞLU