9-cu İlan
30.12.2012 - 12:14
9-cu İlan
2013-cü il Azərbaycan futbolu tarixinə 9-cu İlan ili kimi düşəcək. Apasport.az saytının məlumatına görə, 100 illik yubileyini ötən il qeyd edən ölkə futbolu artıq 8 “ilan”ı arxada qoyub. Maraqlıdır, həmin illərin futbolumuza nə verib?

1917. SSRİ yaranmamış ilk və son İlan ili Bakı çempionatının keçirilməsi ilə əlamətdar oldu. “Sokol” komandası yarışın qaibi adına yiyələndi. Bu, həm də sonuncu belə turnir oldu.

1929. 1928-ci ildə Azərbaycan çempionatlarının təməli qoyuldu. Lakin 1929-cu ildə - İlan ilində bu yarışa ehtiyac duyulmadı.

1941. II dünya müharibəsi illərində Azərbaycan futbolu da sükuta qərq olmuşdu.

1953. SSRİ çempionatının B sinfində çıxış edən “Neftçi” aşağı dəstədə yalnız 11-ci oldu. SSRİ kubokunda isə 2 mərhələ adlasa belə, 1/32 finalda dayandı.

1965. Ötən əsrin 60-cı illərində ən uğursuz çempionatlardan biri baş tutdu. “Neftçi” yalnız 11-ci yerlə kifayətləndi. Əvəzində əfsanəvi Anatoli Banişevski ilk dəfə SSRİ-nin 33 ən yaxşı futbolçusu siyahısına düşdü. Kubokda isə təmsilçimiz 1/16 finalda mübarizəni dayandırdı.

1977. 5 ildən sonra Azərbaycan yenidən güclülər dəstəsində təmsil olundu. Lakin “Neftçi” 16 komanda arasında 13-cü yerdən yüksəyə qalxa bilmədi. Ölkə kubokunda “Neftçi”ni 1/16 finalda mübarizədən kənarlaşdırdılar. Əvəzində futbolumuzun yetirməsi İqor Ponomaryov dünya çempionatının gümüş mükafatçısı oldu.

1989. SSRİ çempionatlarında keçirilən son ilan ili ümidləri doğrultmadı. Güclülər dəstəsini tərk edən “Neftçi”nin elə ilk cəhddən geri qayıdacağı gözlənilsə də, bakılılar I dəstədə yalnız 8-ci oldular. “Neftçi” SSRİ kubokunun 1/8 finalınadək irəliləsə də bundan artığını bacarmadı

2001. “Şəmkir” Azərbaycan çempionatının, “Şəfa” isə kubokunun qalibi oldu. Həm bu 2 komanda, həm də “Neftçi” ilə “Viləş”in avrokuboklardakı çıxışı biabırçı alındı. 4 komanda keçirdiyi 8 qarşılaşmada qələbəyə həsrət qaldı. Yığmamız isə Slovakiyanı udub (2:0) Makedoniya ilə heç-heçə etməklə (1:1) ilə rəng qatdı. Lakin 9 nəfərlə qalan Moldovanı evdə məğlub etməmək yığmamızın azarkeşlərini üzdü.