Polşalılar “Neftçi”nin sabiq qapıçısını xatırladı
30.12.2012 - 16:26
Polşalılar “Neftçi”nin sabiq qapıçısını xatırladı
“Şlyonsk” klubunun kapitanı Sebastyan Milyanın adının “Neftçi” ilə hallanması Polşada böyük marağa səbəb olub. Apasport.az saytının məlumatına görə, Vrotslav klubunun azarkeşləri onun Vyana “Austriya”sında və “Volerenqa”da yaşadığı uğursuz legioner karyerasının ardından pul dalınca ölkəmizə gəlməsini başa düşə bilmir.

Milyanın özünü reklam etməsini polşalı həmkarlarımız da narazılıqla qarşılayır. Onlar hətta “Şlyonsk”un sabiq qapıçısı Tomaş Bobelin “Neftçi”dəki karyerasını xatırlayıb. Köln “Fortuna”sı, “Duysburq” və “Ertsgebirge”dən sonra 2008/09 mövsümünün qış fasiləsində pul dalınca “Neftçi”yə keçən Bobelin qısa müddətdən sonra qovulmasının Milya üçün əsl dərs ola biləcəyi bildirilib.

Qeyd edək ki, Bobel Hans-Yürgen Gedenin vaxtında “Neftçi”yə transfer olunmuşdu. 2009-cu ilin martınadək “Neftçi”də 3 oyunda qapını qoruyan polşalı qolkiper martda Böyükağa Ağayevin gəlişindən sonra Vladimir Miçoviçin ehtiyatında qalmağa başladı. Dünən 37 yaşını tamamlayan Bobel 2009-cu ilin yayından “Bayer”in II komandasında çıxış edir.