“Bacarıq lazım idi, ona görə qabağa keçdim” - MÜSAHİBƏ
04.01.2013 - 11:10
“Bacarıq lazım idi, ona görə qabağa keçdim” - MÜSAHİBƏ
“Kəpəz”in kapitanı Azər Məmmədov klubunun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündən və Yeni il bayramından danışıb.

- Əvvəlcə bayramlarla bağlı təbriklərinizi eşidək...
- Bu bayram günlərində hamıya ən xoş arzularımı çatdırıram. Kimin ürəyində nə istəyi varsa, qoy yeni ildə həyata keçsin. Hamı xoşbəxt, firavan yaşasın. Çətinliklər bizdən uzaq olsun.

- Bəs futbolla bağlı arzularınız?
- İdmançılara, futbolçulara arzum budur ki, ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etsinlər, nəaliyyət qazansınlar. Komandamıza qaldıqda, 2012-ci ildə uğursuz çıxış etdik. İstəməzdim ki, yeni ildə eyni hal yaşansın. Daha axsamayaq, rəqiblərdən geri qalmayaq. “Kəpəz” əvvəl olduğu kimi yenə layiqincə çıxış etsin, öz şan-şöhrətini qaytarsın. Komandamız elitada qalmaq uğrunda deyil, mükafatlar, çempionluq naminə mübarizə aparsın. Bizimlə yanaşı, çıxış edən gənc nəslin futbolçuları da Gəncə futbolunun qədrini bilsinlər. Bax, arzularım bundan ibarətdir.

- Yeni ili heç səfərdə keçirmiz?
- Səhv etmirəmsə yox, belə şey olmayıb. Bayramı həmişə ailəmlə birlikdə keçirmişəm. Ümumiyyətlə, elə bir bayram yoxdur ki, valideynlərimə baş çəkib, onlarla birlikdə olmayım. Mütləq ata-anama dəyməliyəm.

- Yeni il axşamı bəziləri şəhərə gəzməyə çıxmağa üstünlük verir...
- Mən dədə-baba adət-ənənəsinə uyğun olaraq, evdə olmağa üstünlük verirəm. Axşam 12-yə qalmışa kimi atamgildə oluram. Sonra hərə öz evində yeni ili qarşılamalıdır deyib, onlarla sağollaşıb, evimə gələrək bayramı ailəmlə keçirirəm.

- Sonuncu dəfə Şaxta baba ilə nə vaxt şəkil çəkdirmisiz?
- Hər il Gəncənin mərkəzində böyük “yolka” qururlar. Həmişə orda övladlarımla birlikdə Yeni ilin əsas atributu olan Şaxta baba və Qar qızla şəkil çəkdirmişəm. Amma son iki ildə belə şey olmayıb.

- Uşaqlıqda Şaxta babadan hədiyyə almısız?
- Uşaq vaxtı hamı kimi mən də Gəncə Kukla Teatrının nağıl tamaşalarına baxmışam. Orda Şaxta babadan bir dəfə hədiyyə almışam.

- Onun həqiqət olduğuna inanmısız?
- Yox, heç vaxt inanmamışam. Səbəbini bilmirəm vallah. Uşaqlıqdan bu yana Şaxta babaya adi insan kimi baxmışam. O, sadəcə bəzədilmiş insandır.

- Şaxta babanı Yeni il bayramında uşaqlara görə evə dəvət etmisiz?
- Xeyr. Evdə uşaqlar “yolka” qururlar. Onun da ətrafında Şaxta baba və Qar qız personajı olur. Ümumiyyətlə, uşaqlar Yeni il bayramına aid nə varsa, aldırırlar mənə (gülür).

- Son illərdə özünüz “yolka” qurmusuz?
- Bu il evdə “yolka”nı mən qurmamışam. Uşaqlar özləri qurublar. Amma 2 il öncə “yolka”nı təzə alanda ilkini mən etmişdim. Bacarıq lazım idi, ona görə qabağa keçdim.

- Yen il bayramında xoşladığınız təam hansıdır?
- Bişirilən yeməklərə elə bir fərq qoymamışam. Amma plov, toyuq qızartması, dolma vaz keçilməz yeməklərdir. Mən elə də çox yeyən deyiləm, amma çalışıram hamısının dadına baxım.

- Bayram axşamı yeniyetmə və gənclər partlayıcı vasitələrdən istifadə edir. Bəs siz uşaqlıqda necə olmusuz?
- Elə mən də belə olmuşam. Hətta özümün düzəltdiyim vaxtlar da olub. Yadımdadır, qardaşlarımla partlayıcı vasitələr düzəldib, satmışıq da. Yığdığımız pula özümüzə velosiped almışdıq.

- Hansı ildə qeyd etdiyiniz bayram daha çox yadında qalıb?
- Son 2 ildə bayramlar Məhərrəmliyə təsadüf etdiyindən, elə də təmtəraqlı qeyd etməmişəm. Amma əvvəlki illərdə daha geniş çevrədə bayramı qarşılamışam. Bir də sizə düzünü deyim ki, Yeni il bayramında elə də çox sevindiyim olmayıb.