Ceyhun Sultanov: “Qəbələ” ilə Avropada oynamağı ürəyim çox istəyir – MÜSAHİBƏ
05.01.2013 - 15:35
Ceyhun Sultanov: “Qəbələ” ilə Avropada oynamağı ürəyim çox istəyir – MÜSAHİBƏ
“Qəbələ”nin yeni transferi Ceyhun Sultanovun apasport.az saytına müsahibəsi

- Yeni ilin ilk günləri sizin üçün düşərli oldu. Hər halda, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Sumqayıt”dan mükafatlara iddialı “Qəbələ”yə keçdiniz...
- Əslində, transferim hələ rəsmiləşməyib. Bu, rəsmi müqavilə imzalayandan sonra baş tutacaq. Ancaq bu komandaya keçmək üzrəyəm. Mən hər dəfə nəsə istəyirəm. Futbolçu, o cümlədən mən də ya müqavilə bitəndə, ya da mövsümün ortasında yaxşı oynayıb, hansısa kluba keçməyi gözləyirdim. Özünüz də bilirsiniz ki, futbolçu karyeramın son illəridir. Hər halda, yaxşı klubda oynayıb, qurtarmaq istərdim.

- Belə demək olar ki, iddialı klubdan təklif almağınız sizin üçün gözlənilməz olmadı?
- Belə deyə bilərəm ki, həm gözləyirdim, həm də yox.

- “Qəbələ”dən təklif necə oldu?
- Bu komandanın baş meneceri Zaur Əzizov mənə zəng elədi. Görüşüb, məsələyə aydınlıq gətirdik. Müqavilə bağlamağa razılaşdıq.

- Bu, neçə illik olacaq?
- Bunu hələ danışacağam. Hər halda, minimum 1 illik olacaq.

- Müqaviləniz olan “Sumqayıt”dan gedişinizdə problem olmayacaq?
- Əlbəttə, problem olmayacaq. Çünki mən ora gedəndə danışmışdım ki, hansı komanda 6 aydan sonra mənə azad transfer versinlər. Bu razılıq “Qəbələ”yə sərbəst keçidimə imkan verir.

- Əgər Ceyhun Sultanov bu yaşında uzun fasilədən sonra iddialı komandadan təklif alırsa, deməli, hələ unudulmayıb və üstündən xətt çəkilməyib...
- Buna görə istəyirəm ki, futbolu qurtaranda da bunu iddialı komandada edim. Fikirləşirəm ki, karyeramı hansısa yer tutaraq bitirim. Onda bunu rahat edəcəyəm.

- Sözlərinizdən belə qənaətə gəlmək olar ki, “Qəbələ” karyeranızda sonuncu klub olacaq?
- Karyeramı bitirmək haqda hələ fikirləşmirəm. Hələ 33 yaşım var və 2-3 il də oynamalıyam. Bundan sonra qurtarmağı düşünürəm. İstəyirəm ki, karyeramı yaxşı bir yerdə bitib gedim.

- Yeni komandanı necə dəyərləndirərdiniz?
- Əsas məsələ “Qəbələ”nin iddialı olmağıdır. Peşəkar klubdur, yaxşı futbolçuları var. Rəhbərliyi də yaxşıdır. Futbolçu üçün nə lazımdırsa, onun oynamağı üçün hər bir şərait yaradılıb.

- Son illərdə əyalətdə oynadığınızdan, yenidən orada çıxış etmək sizdə problem olmamalıdır...
- Bəli. Lənkəranda 3, Gəncədə 2 il oynamışam. Hər halda, problem olmayacaq.

- Ancaq “Qəbələ”nin heyətində daha çox legionerlər yer aldığından, çıxış etdiyiniz orta sahədə rəqabət böyük olduğundan, əsas heyətə düşməyiniz çətin olacaq...
- Mən çalışacağam ki, yaxşı futbol oynayım. Hər halda, “Qəbələ”yə elə-belə getmirəm ki, gedib oturum qıraqda. Düzdür, ehtiyatda otura da bilərəm. Ancaq çalışacağam ki, özümü yaxşı tərəfdən göstərim və əsas heyətdə yer alım.

- Yeni baş məşqçiniz Ramiz Məmmədovun rəhbərliyi altında ilk dəfə oynayacaqsınız. Ancaq vaxtilə komanda yoldaşı olmusunuz...
- Biz vaxtilə “Dinamo”da bir yerdə oynamışıq. Baş məşqçi kimi onunla birinci dəfədir işləyirəm. Hər halda, xarakterimi bilməsə, pis xarakterim olsa, pis futbolçu olsam, əlbəttə, məni yanına çağırmazdı. Mən də Məmmədovun ümidlərini doğrultmağa çalışacağam ki, məndən gözlədiyinin də artığını edim.

- “Qəbələ” bu mövsümdə qarşısına böyük məqsədlər qoyub, nəhayət, mükafat qazanıb, Avropaya çıxmaq iddiasındadır. Bu perspektivi reallaşdırmaq haqda nə düşünürsünüz?
- Düzdür, bunun üçün ilk “altılığ”a düşmək lazımdır. Mənim ürəyimdə olan şey odur ki, bu il mükafatçı yerlərdən birini tutmaqdır. Bildiyiniz kimi, artıq 4 ildir Avropadan kənardayam. Çalışacağam ki, heç olmasa bu il də olsa “Qəbələ” ilə avrokuboklarda oynayım. Bunu ürəyim çox istəyir.

Mehman SÜLEYMANOV