Milli komandamızdan görünməmiş nəticə
05.01.2013 - 18:00
Milli komandamızdan görünməmiş nəticə
Azərbaycan yığması (U-19) Rusiyada Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin tarixində görünməmiş nəticəyə imza atıb. Apasport.az saytının məlumatına görə, yığmamız 2009-cu ildən çıxış etdiyi yarışa ilk dəfə qələbə ilə başlayıb.

Komandamız 31 illik tarixi olan turnirdə ötən il sonuncu - 12-ci yeri tutmaqla antirekord etmişdisə, bu dəfə startda tam fərqli nəticə ilə yadda qalıb. Buna Vəli Qasımovu baş məşqçi postunda əvəzləyən Arif Əsədov bu gün Litvaya 3:2 hesabı ilə qalib gəldikləri oyunda imza atıb.

Millimiz Qranatkin turnirində ilk oyunlarını daha çox postsovet məkanı təmsilçiləri ilə keçirib. İlk dəfə Belarusa 0:1 uduzan, ardından Ukrayna ilə 2 dəfə 1:1-lik bərabərliyə qalan yığmamız ötən il nəinki startda, ümumiyyətlə, turnirdə ən böyük hesablı məğlubiyyətini Finlandiyadan aldı – 0:7.

İndiyədək 6 və ya 8 komandanın iştirak etdiyi yarışın ilk dəfə ötən il 12 yığma ilə oynanılması millimizə düşmədi. Belə ki, keçirdiyi 4 oyunda yalnız 1 qələbə qazanan futbolçularımız 12 komanda arasında sonuncu oldular. Hərçənd ötən ilədək son oyunlarda həmişə qalib gələn yığmamız 2 dəfə 7-ci, 1 dəfə 5-ci olmağı bacarmışdı. Bu dəfə isə həmin seriyanın qırılmağı ilə millimiz sonunculuqla barışdı.

Ümumiyyətlə, yığmamız 5-ci dəfə qatıldığı turnirdə 17-ci oyununa çıxıb. Bu, onun 6-cı qələbəsi olub. Bunadək hər turnirdə ən azı 1 dəfə meydanı qalib tərk edən millimiz debütündə buna 2 dəfə imza atmışdı. Növbəti oyununu yanvarın 7-də Çexiya ilə keçirəcək U-19 ilk dəfə turnirdə ona rəqib olacaq.



Millimizin Qranatkin turnirindəki nəticələri

2009 – VII yer
Qrup mərhələsi
05.01.2009 Belarus 0:1
07.01.2009 Rusiya 0:2
09.01.2009 Çili 1:0
VII yer uğrunda
11.01.2009 Latviya 2:0

2010 – V yer
Qrup mərhələsi
04.01.2010 Ukrayna 1:1
06.01.2010 Türkiyə 1:2
08.01.2010 Finlandiya 1:1
V yer uğrunda
10.01.2010 Özbəkistan 1:1, pen. 4:3

2011 – VII yer
Qrup mərhələsi
03.01.2011 Ukrayna 1:1
05.01.2011 Belarus 0:0
07.01.2011 Çin 0:3
VII yer uğrunda
09.01.2011İtaliya 2:2, pen. 5:3

2012 – XII yer
Qrup mərhələsi
04.01.2012 Finlandiya 0:7
05.01.2012 Sankt-Peterburq 2:1
IX-XII yerlər uğrunda
08.01.2012 Litva 1:1, pen. 5:6
XI yer uğrunda
10.01.2012 Latviya 1:2

2013
Qrup mərhələsi
05.01.2013 Litva 3:2

Mehman SÜLEYMANOV