“Azərbaycan yığmasının yarısı güclülər dəstəsində oynayır”
07.01.2013 - 10:14
“Azərbaycan yığmasının yarısı güclülər dəstəsində oynayır”
“Açığını deyək ki, indi zəif rəqib qalmayıb. Harada isə köklənmə ilə bağlı boşluq buraxsan bu, üzücü nəticələnə bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın 18 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Aleksandr Petrakov deyib.

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə Azərbaycan yığmasının (U-19) rəqibi olan ukraynalıların çalışdırıcısı müsahibə verib. Petrakov millimiz haqda da danışıb: “Nümunə üçün elə bizim qrupda yer alan Azərbaycan yığmasını götürək. Qazaxıstanın Astana şəhərindəki turnirdə onlara penaltilər seriyasında uduzduq, bu yaxınlarda isə qolsuz heç-heçə etdik. Azərbaycan yığmasının yarısı ölkəsinin güclülər dəstəsində çıxış edir, çox güclü uşaqlardır”.

Qeyd edək ki, Azərbaycan və Ukrayna yığmaları qrup mərhələsinin yanvarın 9-da baş tutacaq son turunda görüşəcək.