“Arif İsayevi sol cinah oyunçusu kimi transfer etmişik”
07.01.2013 - 12:36
“Arif İsayevi sol cinah oyunçusu kimi transfer etmişik”
“Arif İsayevin transferi demək olar tamamlanıb. Onunla hərtərəfli şəkildə anlaşmışıq. 1,5 illik ilkin müqavilə bağlanılıb. Yalnız rəsmi müqavilə məsələsi qalıb ki, bu da 4 gündən sonra olacaq. Komanda Antalyadan qayıtdıqdan sonra anlaşdığımız futbolçuların təqdimat mərasimi gerçəkləşəcək”. Bunu apasport.az saytına açıqlamasında “Dənizlispor”un meneceri Mehmet Ali Kəskinlər deyib.

Yayda “Qəbələ”dən ayrıldıqdan sonra “Transfermarket” şirkəti vasitəsilə özünə klub axtaran Arif İsayevin adı Türkiyənin I dəstə klubları ilə birgə hallanırdı. Gözləmək olardı ki, Arif məhz yayda “Dənizlispor”a təklif olunub.

Ancaq “Dənizlispor”un meneceri onunla qış fasiləsinə yaxın maraqlandıqlarını bildirdi: “Xatırlayırsızsa, klubun vitse-prezidenti İhsan Niyazla mən noyabrın sonlarında Bakıya gəlmişdik. Rail Məlikovla məsləhətləşib almaq istədiyimiz 2-3 futbolçudan biri də Arif İsayev idi. Ancaq onda Arifin AZAL-dakı oyununa canlı baxa bilməmişdik. Çünki o, meydana çıxmamışdı. Belədə onu Antalyadakı düşərgəmizə dəvət etdik. Məşqlərdə özünü yaxşı tərəfdən göstərdiyi üçün Arifi heyətimizə qatmağı qətiləşdirdik. Onu sol cinah oyunçusu kimi transfer etmişik”.

Qeyd edək ki, Arif İsayev yarımmüdafiənin cinahlarında oynamağı bacarır. Ancaq onun üçün ideal mövqe sol yox, sağ cinahdır.

Səbuhi TOFİQOĞLU