Berti Foqts Dubay hazırlıqlarına yeni futbolçu çağırdı
07.01.2013 - 13:19
Berti Foqts Dubay hazırlıqlarına yeni futbolçu çağırdı
“Simurq”un 2 futbolçusu Azərbaycan millisinin Dubay şəhərində keçirəcəyi təlim-məşq toplanışına dəvət olunub. Bu barədə apasport.az saytına klubun icraçı-direktoru Vaqif Əliyev məlumat verib.

O bildirib ki, artıq yığmada debüt edən Rasim Ramaldanovla yanaşı, digər müdafiəçi İlkin Qırtımov da hazırlığa çağırılıb. Bununla bağlı AFFA Zaqatala təmsilçisinə rəsmi məktub yollayıb.

“Rasimlə İlkin yanvarın 29-da milli ilə Dubaya gedəcəklər. Digər 2 futbolçumuz Murad Səttarlı və Nicat Qurbanov isə 21 yaşlılardan ibarət yığmanın Antalyada keçirəcəyi təlim-məşq toplanışına çağırılıb” - deyə, Əliyev bildirib.

Bununla, Qırtımov millimizdə debüt etmək imkanı qazanacaq. “Simurq”un kapitanı olan Ramaldanov isə ilk dəfə ötən ilin noyabrında Şimali İrlandiya ilə rəsmi oyunda forma geyinib.

“Simurq”un polşalı qapıçısı David Pietrzkieviçin də milli komandamıza cəlb olunması barədə məlumat yayılıb. Amma Əliyev onun milliləşdirilib yığmamıza çağırılmağı ilə bağlı AFFA-dan heç bir rəsmi müraciət almadıqlarını söyləyib: “Bildiyimə görə, bu barədə Polşa mətbuatında xəbər yayılıb. Ancaq mən bu məsələdə klub rəsmisi kimi yox, bir azərbaycanlı kimi belə fikir bildirərdim ki, millimizdə öz oyunçularımız çıxış etsələr daha yaxşıdır. David azərbaycanlı olsaydı, ikiəlli razı olardım. Ancaq əcnəbilərin milliyə çağırılmağının əleyhinəyəm. Hesab edirəm ki, bununla azərbaycanlı futbolçuların hüquqları tapdalanır. Ancaq bu, klubun mövqeyi yox, mənim şəxsi fikrimdir”.

Qeyd edək ki, millimiz Dubayda fevralın 1-də Özbəkistan, 6-da Lixtenşteyn yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Mehman SÜLEYMANOV