“Simurq” afrikalı futbolçulardan imtina edir
07.01.2013 - 14:38
“Simurq” afrikalı futbolçulardan imtina edir
“Simurq”un baş məşqçisi Georgi Çixradze komandaya qış fasiləsində hazırlıq keçəcəyi Türkiyədə qoşulacaq. Klubun icraçı-direktoru Vaqif Əliyev apasport.az saytına açıqlamasında gürcüstanlı çalışdırıcının yanvarın 10-da birbaşa Antalyaya gəlişinin nəzərdə tutulduğunu bildirib.

Onun sözlərinə görə, əcnəbi futbolçuları da belə marşrut seçəcəklər: “Yerli futbolçular burada bir araya gəlib, məşqçimiz İqor Getmanın rəhbərliyi altında yanvarın 10-da Antalyaya yollanacaq. 23 günlük hazırlıq müddətində 2 oteldə qalacağıq. Bunlardan biri “Mardan Palace” olacaq. Oradakı toplanış yanvarın 10-dan 18-dək keçiriləcək. Bu müddətdə yoxlama oyunu nəzərdə tutulmayıb, yalnız fiziki hazırlıq üzrə çalışmalar olacaq. İkinci hazırlıq mərhələsi Bələkdə keçiriləcək ki, hansı oteldə qalacağımız hələ dəqiqləşməyib. 4 yoxlama oyunumuz həmin vaxt baş tutacaq. Bizə sınaq matçları ilə bağlı təkliflər çoxdur. Baş məşqçimiz rəqiblərlə bağlı seçim edəcək”.

Əliyev fevralın 2-dək davam edəcək Antalya toplanışında yeni legionerləri sınayacaqlarını söyləyib: “Bizə orta sahəyə və hücuma futbolçu lazımdır. Baxışa çoxlu legioner gələcək. Ancaq onlardan 2-3-ü transfer edəcəyik. Bunlar Avropadan olacaq. Ola bilsin ki, Cənubi Amerikadan da gələn olsun. Ancaq Afrikadan nəzərdə tutulmayıb. Çünki afrikalı futbolçularla işimiz yoxdur. Komandamızdan 1-2 futbolçunun gedişi mümkündür. Bunda da çalışdırıcımız qərar verəcək”.

Qeyd edək ki, zaqatalalılar qış fasiləsinə 2-ci pillədə yollanıb.

Mehman SÜLEYMANOV