Arif Əsədov: Artıq gec idi
07.01.2013 - 18:17
Arif Əsədov: Artıq gec idi
“Oyuna çox zəif başladıq. Görünür, rəqibin adı futbolçularımıza təsir edirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Arif Əsədov deyib.

O, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirin Çexiya ilə oyunu haqda fikirlərini açıqlayıb: “1-ci hissəni müdafiə olunub, əks-hücumlara bel bağladıq. Sonradan isə oyunu “tutduq”. Daha cəsarətli oynayıb təşəbbüsü ələ aldıq. Əvəzetmələrlə də oyunu gücləndirdik. İlk yarıda hücumameylli dayaq yarımmüdafiəçisi ilə oynayırdıqsa, fasilədən sonra onu əvəzləyib daha inamla hücumlar təşkil etdik. Hətta qırmızı vərəqədən sonra da sürəti itirməyib əzmkarlıqla oynadıq”.

Əsədov meydandan qovulan Budaq Nəsirovun cəzasına da münasibət bildirib: “Fikrimcə, orda qayda pozuntusu yox idi. Hakim sarı vərəqə ilə də kifayətlənə bilərdi. Görünür, Nəsirova artıq sarı vərəqə verdiyini unutmuşdu. Ona bunu xəbər edəndə isə artıq gec idi. Digərləri də komanda yoldaşlarını müdafiə etməyə getdilər və sarı vərəqə aldılar. Hərçənd, bundan yan qaça bilərdilər”.