Cavid İmamverdiyev: Demişəm, səhv etmişəm
07.01.2013 - 20:00
Cavid İmamverdiyev: Demişəm, səhv etmişəm
“Neftçi” klubunun yarımmüdafiəçisi Cavid İmamverdiyevin apasport.az saytına müsahibəsi

- Qış fasiləsi başlayandan adınız Kiyev "Dinamo"su ilə yanaşı, müxtəlif klublarla birgə çəkilir. Həqiqətən də çoxlu təklif almısınız?
- Mən də hansısa komandaya “keçdiyimi” mətbuatdan oxuyuram. Ancaq real təklif yoxdur.

- Ötən ilin sonlarında bir neçə klubdan təklif aldığınızı demişdiniz. İndi isə söylədiklərinizi təkzib edirsiz...
- Ola bilsin demişəm, amma səhv etmişəm. Hazırda heç nədən xəbərim yoxdur. Bəzən mənim adımdan müsahibə uydururlar. Baxırsan ki, demədiyim fikirləri yazırlar. Bu da sonradan müxtəlif söz-söhbətlərə səbəb olur.

- Bəlkə klub rəhbərliyi keçidiniz həll olunana qədər sizə danışmağı qadağa qoyub?
- Elə bir şey yoxdur. Onlar məni həmişə dəstəkləyiblər.

- 2013-cü il ilan üzərində təhvil olundu. İlanla aranız necədir?
- Ən nifrət elədiyim və qorxduğum heyvandır. Uşaq vaxtlarımdan qarşıma çox çıxıb. Bəzən aramızda 10-15 metrlik məsafə olsa da, çox qorxmuşam.

- Bəs nifrət etdiyiniz heyvan üzərində təhvil olunan ildən karyera baxımından nə gözləyirsiz?
- İnanıram ki, düşərli olacaq. Əsas odur çalışasan. Bunu etdikcə, Allah özü zəhmətini dəyərləndirəcək.

- Yeni ilə hansı arzu ilə qədəm basmısız?
- Yeganə istəyim tezliklə Azərbaycanı tərk etməkdir. Avropada oynamaq, güclü klublardan birinin formasını geyinmək istəyirəm. Başa düşürəm, bu yalnız istəklə olan şey deyil. Çox çalışmaq, hazır olmaq lazımdır. Qarşıdan Antalya toplanışı gəlir. Bu hazırlıq mərhələsindən maksimum istifadə edəcəm.

- Güclü klub deyərkən, könlünüzdən hansı komandanın üzvü olmaq keçir?
- Bəlkə də güləcəksiniz, könlümdən “Barselona”nın üzvü olmaq keçir. Bu komandanın xəstəsiyəm. Rusiya, Almaniya, İspaniya, İngiltərə liqalarında da oynamaq pis olmazdı. Baxaq, necə olacaq.

- İndi ölkə xaricinə yollanmaq üçün sizdə nə çatmır?
- Fiziki cəhətdən zəifəm. Fikir vermisinizsə, əməliyyat olunana qədər fiziki hazırlığım qaydasında idi. Avrokuboklarda daim oynayırdım, qollar vururdum. Əməliyyatdan sonra formamı itirdim. Çətinliklə özümə gələ bildim. İndi isə getmək istəyirəm. Antalyada gücə işləyəcəm. Futbolçunun fiziki hazırlığı qaydasında olanda, meydanda rahat hərəkət edir. Amma əks halda, meydanda varlığı ilə yoxluğu hiss olunmur.