Rəşad Sadıqovdan het-trik
08.01.2013 - 10:26
Rəşad Sadıqovdan het-trik
Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov dünyanın ən yaxşı futbolçusu ilə bağlı keçirilən sorğuda yenə fərqlənib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı müdafiəçi səsvermədə artıq 3-cü dəfə qalibi düz tapmaqla, het-trik edib.

Maraqlıdır ki, bunların hər üçündə “Barselona”nın argentinalı ulduzu Lionel Messi ən yaxşı seçilib.

Əslində, Messi ardıcıl 4-cü dəfədir dünyanın ən yaxşı futbolçusu adına sahib çıxır. Ancaq Rəşad 2010-cu ildə “İnter”in hollandiyalı yarımmüdafiəçisi Uesli Sneyderi 1-ci göstərmiş, Lioneli isə “üçlüy”ə daxil etməmişdi. Görünür, Sneyderin həmin vaxt milanlılarla Çempionlar Liqasının qalibi olmağı, dünya çempionatında isə gümüş medal qazanmağı onun seçiminə təsir etmişdi.

Elə yığmanın baş məşqçisi Berti Foqts da həmin il Messini ən yaxşılar arasında göstərməyib, İspaniya millisinin kapitanı kimi dünya çempionu olan İker Kasilyası ən güclü futbolçu göstərmişdi. Ümumiyyətlə, Rəşad almaniyalı çalışdırıcı ilə birgə 2008-ci ildən sorğuya qatılır. Yəni Foqts həmin vaxtdan millimizin başındadırsa, Sadıqov da kapitanıdır.

Baş məşqçimiz seçimlərdə kapitanından çox geri qalır. Belə olmasaydı, Foqts yalnız 1 dəfə - 2011-ci ildə qalibi düz tapmazdı. O, bu dəfə Andres İnyestaya üstünlük verdi. Ancaq son Avropa çempionatının ən yaxşı futbolçusu seçilən 29 yaşlı yarımmüdafiəçi indiki səsvermədə yalnız 3-cü oldu.


2008-ci il
Berti Foqts: David Vilya (“Valensiya”, İspaniya), Lionel Messi (“Barselona”, Argentina), Mihael Ballak (“Çelsi”, İngiltərə)

Rəşad Sadıqov: Fernando Torres (“Liverpul”, İngiltərə), Kriştianu Ronaldo (“Mançester Yunayted”, Portuqaliya), Lionel Messi (“Barselona”, Argentina)

Qalib: Kriştianu Ronaldo

2009-cu il
Berti Foqts: Fernando Torres (“Liverpul”, İspaniya), Mihael Ballak (“Çelsi”, Almaniya), Con Terri (“Çelsi”, İngiltərə)

Rəşad Sadıqov: Lionel Messi (“Barselona”, Argentina), Xavi Ernandes (“Barselona”, İspaniya), Kriştianu Ronaldo (“Real”, Portuqaliya)

Qalib: Lionel Messi

2010-cu il
Berti Foqts: Dieqo Forlan (“Atletiko”, Uruqvay), Tomas Müller (“Bavariya”, Almaniya), İker Kasilyas (“Real”, İspaniya)

Rəşad Sadıqov: Uesli Sneyder (“İnter”, Hollandiya), Xavi Ernandes (“Barselona”, İspaniya), Dieqo Forlan (“Atletiko”, Uruqvay)

Qalib: Lionel Messi

2011-ci il
Berti Foqts: Lionel Messi (“Barselona”, İspaniya), Bastian Şvaynştayger (“Bavariya”, Almaniya), Ueyn Runi (“Mançester Yunayted”, İngiltərə)

Rəşad Sadıqov: Lionel Messi (“Barselona”, Argentina), Kriştianu Ronaldo (“Real”, Portuqaliya), Məsut Özil (“Real”, Almaniya)

Qalib: Lionel Messi

2012-ci il
Berti Foqts: Andres İnyesta (“Barselona”, İspaniya), Lionel Messi (“Barselona”, İspaniya), Kriştianu Ronaldo (“Real”, İspaniya)

Rəşad Sadıqov: Lionel Messi (“Barselona”, İspaniya), Kriştianu Ronaldo (“Real”, İspaniya), Andres İnyesta (“Barselona”, İspaniya)

Qalib: Lionel Messi