Əli Gökdəmir “Hannover 96”da debüt etdi və zədələndi
08.01.2013 - 10:41
Əli Gökdəmir “Hannover 96”da debüt etdi və zədələndi
Milli komandamızın futbolçusu Əli Gökdəmir “Hannover 96”nın əsas komandasında debüt edib. Apasport.az saytının məlumatına görə, Portuqaliyanın Alqarve vilayətində keçirilən blits turnirdə futbolçumuz Hollandiyanın “Herenven” komandasına qarşı meydanda olub.

Oyunların vaxtı 60 dəqiqədən ibarət olan turnirdə “Hannover 96” əvvəlcə “Herenven”lə üz-üzə gəlib. Baş məşqçi Mirka Slomka ilk yarıda daha çox təcrübəli futbolçulara və “Arsenal”dan icarəyə götürülmüş Yoan Curu ilə “Duysburq”dan alınmış Andre Hoffmanna şans verib.

İkinci yarıda isə Gökdəmir meydana buraxılıb. O, müdafiənin solunda çıxış edib. Bununla belə, futbolçumuz matçı sona çatdıra bilməyib. Belə ki, Əli sağ ombasından zədə alıb. Onun əzələ bağlarının qırıldığı güman edilir. Ancaq onun komandası macarıstanlı Sabolç Husti və tunisli Karim Haqqinin qolları ilə qələbə qazanıb (2:1).

Qeyd edək ki, “Bayer 04”lə ikinci blits oyunda da “Hannover 96” qələbə qazanıb. Türkiyəli futbolçular – Dəniz Kadahla Dəniz Ayçiçəyin qolları “qırmızılar”ın 2:0 hesablı qələbəsinə səbəb olub. Əli zədəli olduğu üçün bu oyunda meydana çıxmayıb.