“Əli Gökdəmirin çox böyük istedadı var”
08.01.2013 - 11:48
“Əli Gökdəmirin çox böyük istedadı var”
“Əli Gökdəmir çox xoşuma gəldi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Hannover 96”nın baş məşqçisi Mirko Slomka deyib.

Portuqaliyadakı təlim-məşq toplanışı çərçivəsində “Herenven” və “Bayer 04”lə keçirilən oyunlardan sonra 45 yaşlı çalışdırıcı yeni transferlər, yaponiyalı sağ cinah müdafiəçisi Hiroki Sakai və isveçrəli yarımmüdafiəçi Adrian Nikçinin işinə qiymət verib.

Slomka “Hannover 96”nın II komandası olan U-23-dən dəvət olunan futbolçular haqda da danışıb: “Bayer 04”ü Kadah və Ayçiçəyin qolları ilə 2:0 hesabı ilə udmasaydıq belə, mən onları tərifləyəcəkdim. Dəniz Ayçiçək hazırlıq zamanı da özünü yaxşı tərəfdən göstərib. Dəniz Kadah isə məşq zamanı mənə yaxınlaşıb bunları dedi: Məşqçi, mən sizi məyus etməyəcəm, əlimdən gələni edəcəm. Və o, oyunu ilə bunu sübut etdi”.

O, Gökdəmiri də tərifləyib: “O, çox xoşuma gəldi. Təəssüf ki, Gökdəmir əzələsindən zədə aldı. Ancaq onun çox böyük istedadı var. Əlinin Pander və Curu ilə birgə çıxışı ideal alınar”.

Qeyd edək ki, Əli Gökdəmir “Herenven”lə oyunun ikinci yarısında meydana çıxıb. O, Xristian Panderin əvəzinə meydana daxil olsa da, 54-cü dəqiqədə əzələsindən ciddi zədə alıb.