Səmimi, sevimli, məsum...
08.01.2013 - 15:34
Səmimi, sevimli, məsum...
Qətiyyən təəccüblənmədim. Tərəddüdüm bir balaca ispanla bağlı idi. Necə də olmasa, Avropa çempionu adını qazanmışdı.

Dünən gecə saatlarında, 2012-nin ən yaxşısının elan olunmasına saniyələr qalmış sanki duyuq düşübmüş kimi paxıl və kinli nəzərlərlə ona tərəf baxan Ronaldonun sifətini görəndə yanılmadığıma əmin oldum: Messi ilin ən yaxşısıdır!

Yenə!

Dördüncü dəfə!

Əslində, Messi 2012-də heç bir titul qazanmamışdı. Amma Messinin dünyanın ən yaxşısı elan olunmasına bəraət verən amillər də yox deyil; Herd Müllerin neçə illik rekordunu qırıb 91 qola imza atması, Çempionlar Liqasında 13 qol vurması… Bir sözlə, axtarsaq başqa messi-rekordlar da tapa bilərik. Elə dördüncü dəfə “ən” olması da özünə məxsus rekorddur.

Bununla belə, onunla eyni səhnəni paylaşan komanda yoldaşı İnyesta İspaniya yığmasıyla birgə Avropa çempionu olmuşdu. Ronaldo isə elə həmin İspaniyanın çempionluğunu yaşamışdı.

Bəs niyə yenə də Messi? Əslində, elə bu sualın cavabını da Ronaldonun baxışlarında axtarmaq lazımdır. Bəlkə də bu məqam sizlərə qəribə görünəcək, amma Messi təkcə möhtəşəm qoleador deyil, Messidə futbola və futbolçuya məxsus bütün dəyərlər birləşib.

Messi kinli deyil, Messi səmimidir. Messi cığal deyil, Messi səbirlidir. İnandırım sizi, o 91 qolu vurmağı belə Messi qarşısına məqsəd üçün qoymamışdı. Messi, sadəcə başını aşağı salıb öz oyununu oynayırdı. Ronaldo kimi fotoları sarı mətbuatı bəzəmirdi. Messinin prinsipi isə fərqldir; maksimum qol, minimum qalmaqal!

Messi də xələfi Maradona kimi komandasını öz arxasınca apara bilir. Düzdür, Maradona bəzən hər şeyi özü, təkbaşına etməyə meylli idi. Amma Messi hər zaman komandası üçün oynayır. Təsadüfi deyil ki, keçən il İspaniya La Liqasında ən çox qol ötürməsi verən futbolçuların siyahısında üçüncüdür.

Messi şöhrət dalınca da qaçmır, şöhrət özü onu axtarıb tapır. Onun üçün ən vacibi qol vurmaq yox, “Barsa”nın uğurudur.

Messi hələ də özünü “Barselona” uşaq məktəbinin öyrənməkdə olan şagirdi kimi aparır. Bu bəstəboy qol vurunca elə həmin uşaq məsumluğu ilə sevinir, hələ də.

İbrahimoviçin “Barselona”dan ayrılandan sonra dedikləri necə, yadınızdadırmı? İbra deyirdi ki, İspaniya çempionatında oynamasına Messi mane olur. Bəlkə də bu səbəbdən İtaliyaya üz tutdu İbrahimoviç, İspaniyada qalmadı. Məncə, hətta qonşu Portuqaliyadan, “Portu” və ya “Benfika”dan fantastik təklif gəlsəydi belə, Piriney yarımadasında qalmayacaqdı: təki Messinin yanında oynamasın, ondan uzaq olsun, onun kölgəsində qalmasın. Budur, İbrahimoviç indi Paris PSJ-sində fransızların ulduzuna və kumirinə çevrilib...

Ronaldo isə çox güman ki, Mançesteri tərk etdiyi üçün özünə lənət oxuyur. Şübhəsiz, Kriştianu da böyük futbolçudur. Amma çox təəssüf ki, Messiylə bir zamanda doğulub. Bəlkə də onca il gec doğulsaydı, sonrakı nəsil Messidən yox, heyrətlə bir Ronaldo əfsanəsindən danışacaqdılar, Ronaldu-şounun möhtəşəmliyini önə çəkəcəkdilər.

Bir dəfə demişəm, yenə də deyirəm; Maradonanın fanatları inciməsin, Messi 90-ların ortalarında, elə bu səviyyədəcə oynayası olsaydı, şübhəsiz 20-ci əsrin ən yaxşı futbolçusu seçiləcəkdi. FİFA cığallıq edib Peleni irəli versəydi belə, Messi könüllərin futbolçusu olaraq qalacaqdı.

Necə ki indi elədir...

Səbuhi MƏMMƏDLİ