Vladislav Qədirov: Meydan məni özünə çəkirdi – MÜSAHİBƏ
09.01.2013 - 11:42
Vladislav Qədirov: Meydan məni özünə çəkirdi – MÜSAHİBƏ
Azərbaycanlı məşqçilər Vəli Qasımovla Vladislav Qədirov İspaniyada “Almeriya” klubunda təcrübə keçdikdən sonra Vətənə dönüblər. Qədirov apasport.az saytına müsahibəsində səfərlə bağlı təəssüratlarını bölüşüb.

- Səfərimiz “Təhsil” Uşaq Gənclər İdman Məktəbinin xətti ilə baş tutdu. İspaniya futbolu ilə daha yaxından tanış olmaq istəyirdik. Hər halda, Azərbaycan və İspaniya futbolu arasında böyük fərq var.

- İspaniyada Azərbaycan futbolu haqda hansı məlumata malikdirlər? Yəqin ki, sizinlə birgə səfərə yollanmış, uzun illər İspaniyada oynamış Vəli Qasımovu tanıyırlar...
- Əlbəttə tanıyırlar, İspaniyada ona hörmət edirlər. Qasımovun əlaqələri sayəsində səfərin detallarını razılaşdırdıq. İspanlar futbolumuzdan daha çox Azərbaycan haqda məlumatlıdırlar, “Avrovizion” mahnı müsabiqəsinin, 17 yaşadək qızlardan ibarət dünya çempionatının final mərhələsinin ölkəmizdə keçirildiyini bilirlər.

- Səfəriniz necə keçdi?
- Almeriya kiçik, ancaq gözəl şəhərdir. 250 min əhalisi var. Şəhər çox mənzərəli, yaşıllıqdır. Bir tərəfi dağlar, digəri tərəfi Aralıq dənizidir. “Almeriya” Sequnda təmsilçisidir. Buna baxmayaraq, çox yaxşı bazası var. Meydançaları çox yüksək səviyyədə, hamısı təbii otdur. İspanlar ümumiyyətlə, sintetik meydançanın nə olduğunu bilmirlər. Özü də qazon xalça kimidir. Mənə bir keçmiş futbolçu kimi belə meydançaya baxmaq xoş idi. Hətta çıxıb məşq etmək istəyirdim, meydan məni özünə çəkirdi.

- “Almeriya”nın hansısa komandasının oyununu izləyə bildiniz?
- 19 yaşlılarının oyununa baxdıq. Bu, əvəzedici heyət sayılır. Hesab edirəm ki, onlar böyüklərdən heç nə ilə geri qalmırdılar. Hər halda, 19 yaşlılarda istəyin, əsas komandaya düşmək arzularının çox olduğunu gördüm və bu mənada oyunları çox xoşuma gəldi. Yanvarın 2-də isə xeyriyyə xarakteri daşıyan mini-turniri izlədik. “Almeriya”nın strukturu elə qurulub ki, futbol məktəbində oyunçuları yetişdirib, satmaq və bunun hesabına klubu saxlamaqdır. Məsələn, biz orda olanda dedilər ki, “Aston Villa” 19 yaşlı futbolçularını alırlar.

- Əvvəllər də İspaniyada olmusunuz. Hansı fərqləri gördünüz?
- 1991-ci ildə SSRİ-nin olimpiya yığmasının heyətində İspaniyada olmuşam. O vaxt da ölkənin cənubunda, ancaq həmin vaxt Valensiyada idik. Dəyişiklər hər mənada çoxdur, böyük sıçrayışlar olub. Çox ölkələrdə olmuşam, dünyanı gəzmişəm. Ancaq İspaniya ürəyimə elə yatdı ki...

- “Almeriya” rəhbərliyindən kimlərlə görüşdünüz?
- İdman direktoru ilə. Bizə hərtərəfli məlumat verdi, onların planları ilə tanış olduq. Sonradan bizi dinlədi, planlarımız, məqsədimizlə tanış oldu. Əlbəttə, ilk növbədə uşaq futbolu ilə maraqlandıq. Bizdə də bu sahənin inkişafına diqqət yetirilir. İspaniya futbol ölkəsidir və bənzərliyi də nəzərə alsaq, onlardan çox şey öyrənə bilərik.

- Bu mənada gələcəkdə əməkdaşlığı müzakirə etdinizmi? Öz futbolçularımızın həmin kluba təcrübə xarakteri ilə göndərilməyi mümkündür?
- Bu səfərdə əsas məqsədimiz təcrübə keçmək idi. Gələcəkdə əlaqələri genişləndirmək istəyirik. Uşaq futbolu ilə yanaşı, əsas komandaya da keçmək olar. Planımızda var ki, burda yaxşı turnir təşkil edib, “Almeriya”nı da dəvət edək. Onlar təklifimizi məmnuniyyətlə qəbul edərək, gəlməkdə problem görmürlər. Sadəcə, planlarımızı əvvəldən öyrənib, nə vaxt, hansı komanda ilə bura gələcəklərini deyəcəklər.

- İspaniyada “Atletiko”nun “Bakı” ilə əməkdaşlığına necə yanaşırdılar?
- Əlbəttə, bu haqda məlumatları var və müsbət yanaşırlar. Yerli mətbuat bu əməkdaşlıq haqda yazmışdı. Bizimlə söhbətdə bu mövzu haqda danışdılar.

- “PRO” kateqoriyası ilə işləriniz nə yerdə qaldı?
- 7 ay oxudum. Bildiyiniz kimi, ötən ilin əvvəlində Barselonaya getməli idim. Ancaq həmin vaxt səfərim baş tutmadı. Həmin vaxt yüksək liqada işləyirdim və vaxt problemi öz sözünü dedi. “PRO”nu oxuyanda, praktikada tələb olunur ki, 2 dəfə xaricə gedəsən. Bunlar 2 müxtəlif ölkələr olmalıdır. Birində klub strukturunu, digərində həftəlik iş tsikli götürməlisən. AFFA-nın texniki direktoru Bernard Lippertlə danışmışam və yenidən keçiriləcək kurslara qatılacağam. Əlbəttə, yenidən məşqçi kimi işləmək istəyirəm və bunun üçün üzərimdə çalışıram. Ancaq işlə bağlı hər şey bizdən asılı deyil.

Mehman SÜLEYMANOV