Cihan Özkara “Sivasspor”da oyuna çıxdı
09.01.2013 - 12:24
Cihan Özkara “Sivasspor”da oyuna çıxdı
Milli komandamızın hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” Antalyada ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Sivas klubu II dəstə təmsilçisi “Ofspor”la gücünü sınayıb.

Bu oyunda Rza Çalımbay Cihana start “11-lik”də şans tanıyıb. Ancaq futbolçumuz verilən tapşırığın öhdəsindən gələ bilməyib. Belə ki, onun meydanda olduğu dəqiqələrdə komandası qol vura bilməyib.

Çalımbay fasilədə onu nigeriyalı hücumçu Maykl Eneramo ilə əvəzləyib. Elə “Sivasspor”un yeganə qoluna da afrikalı futbolçu imza atıb. Eneramo meydana daxil olduqdan 4 dəqiqə sonra fərqlənib. Bununla belə, rəqib penaltidən hesabı bərabərləşdirib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, “Sivasspor” bu gün son məşqini edib Antalyanı tərk edəcək. Özkaranın komandası burda cəmi 2 yoxlama oyunu keçirib. İlk oyunda “Yiğidolar” I dəstə təmsilçisi “Qaziantep BB”ni 4:2 məğlub etmişdi.