Georgi Adamiya: Seçkidən sonra televizora baxmıram - MÜSAHİBƏ
09.01.2013 - 15:38
Georgi Adamiya: Seçkidən sonra televizora baxmıram - MÜSAHİBƏ
“İnter” klubunun gürcüstanlı futbolçusu Georgi Adamiyanın apasport.az saytına müsahibəsi

- Ağır zədə üzündən 3-4 aydır oynamırsınız. Hazırda vəziyyətiniz necədir?
- Gündən-günə özümü yaxşı hiss edirəm. İndi Tiflisdəyəm və yanvarın 11-də Almaniyaya təkrar müayinəyə yollanacağam. Həkimlər hərtərəfli yoxladıqdan sonra Antalyaya komandamızın təlim-məşq toplanışına yollanacağam.

- Bərpa prosesi necə gedir?
- Yaxşı. Bərpa prosesini Tiflisdə keçirdim. Bunu mənə verilən proqram əsasında etdim. Fikrimcə, artıq 80-90 faiz hazıram. Mən peşəkaram və işimə ciddi yanaşacağam. Müayinədən sonra həkimlər yekun cavabı deyəcəklər.

- Maraqlıdı, karyeranızda belə ciddi zədə olmuşdu?
- Heç vaxt. Heç cərrahiyyə əməliyyatı olunmamışdım. Bunu ilk dəfə zədədən sonra Almaniyada etdim.

- Zədə aldığınız epizodu necə xatırlayırsınız?
- “Sumqayıt”la oyun öncəsi məşqdə oldu. Adi məşq idi, hər şey təsadüfən alındı. Elə də dəqiq xatırlamıram, qarşımdakı futbolçunu keçirdim, birdən ayağım burxuldu. Baldırla pəncəni birləşdirən yerdə əzələ bağları qırıldı. Belə çıxır ki, bu, ciddi zədədir. Hər halda, düz yerdə aldığım zədəyə görə artıq 4 aydır meydandan kənarda qalmışam.

- Bundan sonra tam hazır olub, əsas heyətdə yerinizi qaytarmaq çətin olacaq. Bu, sizi narahat etmir?
- Bu ay komandaya qoşulub hazırlaşacağam. Çempionat başlayacaq, baxaq necə olacaq. Yaşayarıq, görərik. Düzdür, uzun müddət oynamayandan sonra formanı yığmaq çətin olacaq. Ancaq mən var gücümlə çalışacağam.

- Təbii ki, oynamaq üçün darıxmısınız. Bu 4 ayda həyatınız necə keçir?
- Daha çox evdə ailəmin əhatəsindəyəm. Azərbaycanda oynadığım 8 ildə ilk dəfədir ailəmlə birgə bu qədər uzun müddətdə oluram. Dostlarla da görüşürəm. Bir sözlə, adi həyatdır, məşq edirəm.

- Vətəninizdə vəziyyət necədir?
- (gülür) Normal. Bu gün qar yağdı.

- Gürcüstanda ötən payız parlament seçkilərindən sonra hakimiyyətdə dəyişiklik oldu. Ümumiyyətlə, vaxtınız olub, baş verən siyasi hadisələri izləyirsiniz?
- Seçkilərdən sonra heç televizora da baxmıram. Ümumiyyətlə, siyasətlə maraqlanmıram. Buna görə də baş verənləri izləmirəm. Bəli, Gürcüstan ölkəmdir, Vətən üçün həyəcan keçirirəm. Ancaq siyasətlə işim yoxdur.

- Hər halda, Azərbaycan çempionatını internetdən izləyirsiniz. Sizin olmadığınız müddətdə diqqətinizi əsas çəkən, sizi təəccübləndirən nə olub?
- Təəccübləndirən “Bakı”nın turnir cədvəlində aşağılarında, “Simurq”un çıxışı, 2-ci yerdə olmağıdır.

- Bəs komandanızın qış çempionu olmağı necə?
- Bir tərəfdən 1-ci yerdə olmağımıza görə çox şadam. Ancaq qış çempionluğu ilə iş bitmir. İstənilən halda, mövsümün sonuna kimi mübarizə aparmaq lazımdır.

- Yəni, yolun hər yarısını keçmisiniz...
- Bəli. Üstəlik, qarşıda daha gərgin mübarizə olacaq. Hələ “altılığ”a qədər qalan 4 oyunumuzun hamısı çətindir. Həlledici mərhələdə isə həmişə sona kimi mübarizə olur. Yayda çempion olsaq, onda başqa məsələ. Bu zaman ikiqat sevincli olacağam.

- Sabit çıxışı ilə seçilən “İnter”in çempionluqda əsas favorit sayılır. Siz bu haqda nə düşünürsünüz?
- Turnir cədvəlində vəziyyət dəyişə bilər. Fikrimcə, indi hamının şansı yaxşıdır. Rəqiblərimizin hamısı güclüdür. “İnter”də oynadığım ilk 4 matça baxıram, düzgün oyun göstəririk. Baş məşqçinin tapşırıqlarını dəqiq yerinə yetiririk. Düşünürəm ki, çempionluq şansımız pis deyil. Deməzdim ki, bizdə şans hamıdan çoxdur. Bu mövsüm çempion ola bilərik. Ancaq indidən şansları dəqiq qiymətləndirmək olmur.

Mehman SÜLEYMANOV