Azərbaycan futbolçuları “Zenit”də oynayacaq
09.01.2013 - 16:26
Azərbaycan futbolçuları “Zenit”də oynayacaq
Millimiz Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə 9-12-ci yerlər uğrunda mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, A qrupunda III yeri tutan Arif Əsədovun yetirmələrinə 2 günlük istirahət hüququ verib.

Belə ki, ilk 2 yeri tutan komandaların 1-4 və 5-8-ci yerlər uğrunda yarımfinal matçları yanvarın 11-də baş tutacaq. Bu isə A və B qrupunun komandaların 1 günlük istirahət qazandırır. 9-12 və 13-16-cı yerlər uğrunda yarışacaq “dördlük”lər isə yanvarın 12-də meydana çıxacaq. 2 gün oynamayacaq millimiz həmin gün saat 16:30-da B qrupunun 3-cüsü ilə qarşılaşacaq.

B qrupunda 3-cü olmağa isə 2 əsas namizəd var: Yunanıstan və Latviya. Bu gün 16:30-da üz-üzə gələcək bu 2 komandanın hərəyə 1 xalı var. Lakin 4 xala malik olan Rusiya və Sloveniyadan birinin də 3-cü olması mümkündür. 19:00-da qarşılaşacaq cütdə uduzan komanda digər oyunun nəticəsindən asılı olaraq rəqibimiz ola bilər.

İndi 2 günlük istirahət qazanması yığmamızın son 2 oyunu ardıcıl keçirməsinə səbəb olacaq. Belə ki, yanvarın 12-də 9-12-ci yer uğrunda matça çıxacaq komandamız ertəsi gün son qarşılaşmasında qüvvəsini sınayacaq. Həmin gün 16:30-da 11-ci, 19:00-da 9-cu yer uğrunda görüş keçiriləcək.

Özü də millimiz yarışı turnirin ilk 4 matçını keçirdiyi Peterburq İdman Konsert Kompleksində bitirmək hüququndan məhrum olub. Məsələ ondadır ki, 8 matçın baş tutacağı son gündə 1, 3, 5 və 7-ci yerlər uğrunda matçlar bu arenada baş tutacaq. İkinci “səkkizliy”in komandaları, o cümlədən futbolçularımız “Zenit” İdman Oyunları Sarayında münasibətlərini aydınlaşdıracaq.