“Bakı”dan mənə heç kim “get” deməyib”
09.01.2013 - 17:27
“Bakı”dan mənə heç kim “get” deməyib”
“Bakı”dan ayrılmağımla bağlı deyilənlər həqiqəti əks etdirmir”. Bunu apasport.az saytına açıqlamasında Cəmşid Məhərrəmov deyib.

“Bakı” bu gündən bazasında yeni ilin ilk məşqinə çıxıb. Komandadan göndəriləcəyi deyilən latviyalı hücumçu Maris Verpakovski, litvalı müdafiəçi Denis İvanov və serbiyalı yarımmüdafiəçi Duye Bakoviç ilk hazırlıqlarda iştirak edib.

Ancaq gözlənildiyi kimi, əvəzedici komandaya göndərilmiş Cəmşid Məhərrəmov yenə əsas heyətlə birgə məşqdə yer almayıb. Bu isə argentinalı Leandro Beserra və Yunanıstanda artıq “Atromitos”la anlaşmış Vangelis Mantsios kimi Cəmşidin də komandadan gedəcəyini göstərir.

Bununla belə, Məhərrəmov bu aqibətlə barışmır. Cəmşid hələ də komandadan çıxarılmadığını iddia edir: “Komandadan ayrılmamışam. Məşqdə iştirak etməməyim “Bakı”dan uzaqlaşdırılmağım anlamına gəlməməlidir. Klubdan heç kim mənə “get” deməyib. Nə qədər ki, belə deyilməyib, komandada qalacam. Əks halda, klub axtarışlarına çıxacam”.

Səbuhi TOFİQOĞLU