İlk yoldaşlıq matçında heç-heçə qeydə alındı
20.01.2013 - 06:05
İlk yoldaşlıq matçında heç-heçə qeydə alındı
"Xəzər Lənkəran" Antalya qış təlim-məşq toplanışı çərçivəsində dünən ilk yoldaşlıq oyununu keçirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, cənubluların rəqibi Qazaxıstanın yüksək liqa təmsilçisi "Jetısu" klubu olub. Futbolçuların 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar şəhidlərimizi yad etmə əlaməti kimi meydançaya qollarında qara sarğı ilə çıxıblar.

"Xəzər Lənkəran" "Jetısu"nun qarşısına aşağıdakı heyətlə çıxıb: Orxan Sadıqlı, Elnur Allahverdiyev, Vanderson Skarduelli, Alvaro Silva, Manuel Skarlatake, Elnur Abdullayev, Rahid Əmirquliyev, Kamran Abdullazadə, Uğur Pamuk, Adrian Pit və Gökhan Güleç.

Qeyd edək ki, komandanın məşqçi korpusu bu oyunda yeni futbolçuları sınağa çəkmək və komandanı güclü rəqibə qarşı oynadaraq heyətin fiziki baxımdan yükləmək məqsədi güdürdü ki, bu da alındı. İlk hissədə üstün olan Qazaxıstan klubu "Xəzər Lənkəran"a kifayət qədər problemlər yaradıb. 22-ci dəqiqədə isə "Jetisu"nun futbolçuları sürətli əks hücum quraraq hesabı açıblar. Belə ki, təmsilçimizin qapıçısı Orxan Sadıqlı ilk zərbəni dəf etsə də, təkrar zərbənin qarşısını ala bilməyib - 0:1.

"Xəzər Lənkəran"ın yaratdığı ilk təhlükəli epizod isə oyunun 30-cu dəqiqəsinə təsadüf edib: Komandanın oyunçuları Gökhan Güləçi demək olar ki, rəqib qapıçısı ilə təkbətək çıxarıblar, ancaq türkiyəli hücumçu topu özündə çox saxlayaraq imkanı əldən verib. Həmin vəziyyət 32-ci dəqiqədə də yaşanıb, lakin bu dəfə top Güləçdən qayıdıb Pitə, sonuncu isə 20-25 metrlik məsafədən topu fantastik zərbə ilə rəqib qapısına göndərib - 1:1.

Bu zaman baş məşqçi komandanın heyətində dəyişiklik edib: Uğur Pamuk, Kamran Abdullazadə və Elnur Allahverdiyevin yerinə meydana Roberto Alviz, Elnur Cəfərov və İvan Deniseviç çıxıb.

36-cı dəqiqədə Skarlatake sol cinahla irəliləyərək "Jetısu"nun oyunçularına həyəcan yaşadıb, ancaq onun cərimə meydançasına etdiyi ötürməsinə komanda yoldaşlarından heç kim yetişə bilməyib.

İkinci hissəyə daha fəal və çevik başlayan "Xəzər Lənkəran" meydançaya fərqli heyətlə çıxıb. Belə ki, Orxanın yerinə qapıda yeni transfer İvan Çoviç durub, Skarlatake və Skarduelli isə yerlərini yenidən Elnur Allahverdiyevə və Uğur Pamuka veriblər. Maraqlı məqamlardan biri ondan ibarət idi ki, bu dəfə məşqçi Rahidi müdafiəyə çəkib. Daha sonra, 70-ci dəqiqədə Skarlatake, Vanderson və Güləç meydançada Piti, Əmirquliyevi və Abdullayevi əvəzləyiblər.

Oyunun sonuna qədər tərəflər qarşılıqlı olaraq bir neçə dəfə hücum qurmağa çalışıblar, lakin bu bir nəticə verməyib və hesab dəyişməz qalıb.