Nurlan Novruzov “Borussiya”nın futbolçusu ilə müqayisə olundu
20.01.2013 - 11:48
Nurlan Novruzov “Borussiya”nın futbolçusu ilə müqayisə olundu
“Eter” klubunda 2 futbolçum var. Buna görə oyunun “Bakı” ilə yoxlama oyununu izləməyə gəlmişəm. Onu deyim ki, komandanızda oyunu ilə diqqətimi çəkən futbolçu oldu”. Bu fikirləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında türkiyəli FİFA agenti Rəmzi Somsur deyib. Almaniyada fəaliyyət göstərən menecer “Bakı”nın Bolqarıstanın “Eter” klubu ilə 1:1 hesabı ilə nəticələnən yoxlama oyununu tribunadan izləyənlər arasında idi.

Somsur bakılıların heyətində gənc hücumçu Nurlan Novruzovun oyununu bəyənərək, onun böyük potensialı olduğunu bildirib: “İstedadlı bir futbolçudur. Ancaq 1-2 əskikləri var ki, onları düzəltməlidir. Məncə, Azərbaycandan yavaş-yavaş başqa ölkələrə getməyi lazımdır ki inkişaf əldə etsin. Bəlkə 3-4 ildən sonra Mario Götse səviyyəsinə yerinə gələ bilər. O da Dortmund “Borussiya”sının futbolçusu kimi bəstəboydur, meydanda gözəl hərəkətlər edir”.

Onun sözlərinə görə, Nurlanı almaniyalılara tövsiyə etməyə hazırdır: “Lazım olarsa, onun Almaniyaya gedişinə yardımçı ola bilərəm. Nədən olmasın? Baxdım, bəyəndim. Buna görə düşüncələrimi bölüşə bilərəm. Almaniya klublarına deyə bilərəm ki, Azərbaycanda belə bir istedadlı futbolçu var, ona şans vermək olar. Təbii ki, azərbaycanlı futbolçuya kömək etmək istərəm”.

Qeyd edək ki, “Bakı”nın oyunda yeganə qolunu məhz Novruzov vurub.

Mehman SÜLEYMANOV
ANTALYA