“Qalatasaray”dan “Xəzər Lənkəran”da?
21.01.2013 - 00:01
“Qalatasaray”dan “Xəzər Lənkəran”da?
Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" bir günlük istirahətdən sonra yenidən hazırlığa başlayır. Apasport.az saytının xəbərinə görə, bu gün yerli vaxtla saat 11:00-da məşqə çıxacaq "ağ-yaşıllar" tam heyətlə hazırlaşa bilmir.

Belə ki, fasilə başlayandan vətəni Bolqarıstana yollanan Radomir Todorov hələ də məşqlərə qatılmır. Ayağından əməliyyat olunan futbolçunun yaxın 1-2 gün ərzində komandanın düşərgəsinə qatılacağı gözlənilir.

Todorovla yanaşı, cənub təmsilçisi daha 2 futbolçu gözləyir ki, bunlardan biri qapıçıdır. Qazaxıstanın "Jetısu" klubu ilə yoldaşlıq görüşündəki səhvlərinə görə xorvatiyalı qolkiper İvan Çoviçi geri qaytaran "Xəzər Lənkəran" türkiyəli çərçivə qoruyucusu ilə güclənə bilər. Həmin futbolçunun adını dəqiqləşdirə bilməsək də, vaxtilə İstanbulun 3 ən böyük klubundan birində - çox güman "Qalatasaray"da oynadığı bildirilir. Bundan başqa, düşərgəyə İspaniyadan da qapıçı cəlb olunacaq.

"Ağ-yaşıllar"ın yolunu gözlədiyi digər futbolçu isə Albaniyadan gəlməlidi. Hücum xəttini gücləndirməyi planlaşdıran baş məşqçi Karles Bekes həmin futbolçunu ön xətdə sınayacaq.