“Sadıqovla dava edəsi deyildim ki...“ - MÜSAHİBƏ
21.01.2013 - 10:38
“Sadıqovla dava edəsi deyildim ki...“ - MÜSAHİBƏ
“Bakı”nın yeni transferi Aqil Nəbiyevin apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- 6 il oynadığınız AZAL-dan sonra “Bakı”ya keçməli oldunuz. Yeni komandanızda özünüzü necə hiss edirsiniz?
- “Bakı”da məni çox gözəl qarşıladılar. Burdakı futbolçuların bir çoxu ilə əvvəldən münasibətim olub. Sağ olsunlar, heç bir çətinliyim olmayıb. AZAL-dan bura gəlməyim öz istəyimlə oldu. “Bakı”nın rəhbərliyinə minnətdaram ki, mənə diqqət göstərdilər və təkliflərini qəbul etdim.

- AZAL-dan yalnız oynamadığınıza görə getdiniz?
- Bəli. Gedişimdə başqa amil yoxdur. Mən həmişə qeyd edirəm ki, futbolçunun yaşından asılı olmayaraq oynamağı daha yaxşıdır. Çünki oynayanda, aldığı pul da ona daha xoş gəlir. Ehtiyatda oturmaqla nə qədər pul qazanmaq olar? Ola bilər ki, bəzi insanlar məni səhv başa düşə bilərlər. Ancaq mən elə şeyi qəbul edə bilmərəm.

- Kapitan baş məşqçi Vaqif Sadıqovun vaxtında daha çox ehtiyatda qalmağının səbəbini özü üçün aydınlaşdıra bildimi?
- Açığı, yayda Türkiyədən zədəli qayıtdığımdan, ilk 5-6 tur bərpa prosesi keçməli oldum. Həmin vaxt özümü yaxşı hiss edirdim. “Qarabağ”la oyundan sonra komandamızda eniş yaşandı. Ancaq həm buna, həm də mənim forma yığmağıma baxmayaraq, baş məşqçi heyətdə dəyişiklik etmədi. Sadıqovun dalınca danışmaq çıxmasın, ola bilər ki, komandanın köhnə futbolçularına güvənmirdi.

- Sizcə, niyə?
- Görürdünüz ki, heyətin 95 faizini yeni futbolçular təşkil edirdi. Dünya praktikasında var ki, komanda bir neçə oyun dalbadal uduzanda, heyətdə dəyişiklik edilir. Ancaq Sadıqov etmədi. Yalnız “Turan”a səfərdə uduzduğumuz oyunda 90 dəqiqə meydanda oldum. Həmin matçdan sonra həm Sadıqov, həm də köməkçisi Şakir Qəribov dedi ki, ən yaxşı oynayan sən oldun. Bundan sonra fikirləşdim ki, daha oynayıb, əsas heyətdə yerimi qaytaracağam.

- Ancaq heç oynamadınız...
- Bəli. Getdik Zaqatalaya “Simurq”la oyuna, Sadıqov mənə heyətə daxil etmədiyini dedi. Səbəbini də bilmirəm. Mən başa düşmürəm ki, səbəbsiz yerə niyə ehtiyatda oturmalıyam ki? Sözün açığı, mən baş məşqçi ilə dava edəsi deyildim ki...Dedim ki, bu, sənin şəxsi fikrindir. Ancaq oynamıramsa, bir səbəb olmalıdır.

- “Bakı”da hazırlığı necə dəyərləndirərdiniz?
- Mən hələ əvvəldən deyirdim ki, Azərbaycanda şəraitinə görə 1 nömrəli komanda “Bakı”dır. Komandanın perspektivi böyükdür. Ancaq bugünkü gündə “Bakı” layiq olmadığı yerdədir. Özünüz də burda görürsünüz ki, komanda üçün belə gözəl şərait yaradıblar, hazırlıqlarımız yaxşı, yüksək templə gedir. Qış fasiləsindən sonra qalan 5 oyunumuzda maksimum xal toplayıb, bizdən öndə gedən komandaların xal itirməyini gözləməliyik.

- Elə sizdən qabaqda gedən AZAL-ın da 5 oyunu var. Öz aranızda oyununuz da qalıb. “Altılığ”a düşmək uğrunda mübarizədə keçmiş, yoxsa indiki komandanı daha şanslı sayırsınız?
- Bizim şanslarımızı daha çox görürəm. Bunu AZAL-dan çıxdığıma görə demirəm. Çempionatda zəif rəqib yoxdur. Ancaq kağız üzərində götürəndə, bizim təqvim daha münasibdir. Üstəlik, AZAL-ı qəbul edirik, fasilədən sonra ardıcıl 2 oyunumuz var. Mən inanıram ki, bu matçlarda qalib gəlsək və rəqiblərimiz xal itirsə, “altılığ”a düşə biləcəyik.

- AZAL-la həmin oyun şəxsən sizin üçün prinsipial olacaqmı? Vaqif Sadıqova nəyisə göstərmək baxımından?
- Yox. Mənim Sadıqova nəyisə göstərməyə ehtiyac yoxdur. Hamı hamını tanıyır. Mənim AZAL-da nə əmim, nə dayım işləyib. 6 idə oynamışam, kapitanlığa kimi yüksəlmişəm. Birinci Allahım, ikinci öz gücümə gəlib ora çatmışam. Bunu hamı bilir ki, mən AZAL-da heç vaxt kiməsə görə qalmamışam. Bütün rəqiblərə necə hazırlaşmışamsa, AZAL-da da elə.

- AZAL-da daim yerli baş məşqçilərlə çalışdınız. İndi isə “Bakı”da Bojidar Bandoviçin rəhbərliyi altında işləyirsiniz. Serbiyalı mütəxəssisi necə fərqləndirərdiniz?
- Hər bir çalışdırıcının öz məşq sistemi, oyun üslubu var. Bandoviç Avropa futbolunu yaxşı bilən adamdır. O, hər mövqedə çıxış edənlərdən ilk növbədə topu itirməməyi tələb edir. Baxırsan ki, topla çox oynamağı istəyən bir məşqçidir.

- Yeri gəlmişkən, o, ilk yoxlama oyunundan sonra haqqınızda xoş sözlər deyərək, hətta sizi kapitanlığa layiqli saydı...
- Bunu pis mənada qəbul etməyin, mənim heç vaxt kapitanlıqda gözüm olmayıb. Mən “Bakı”ya gələrkən yalnız pulu düşünməyərək, hərtərəfli fikirləşmişəm. Pula qalsaydı, mənim başqa varinatlarım da vardı. Ancaq istəmişəm ki, özüm üçün rahat olan yerdə olum. “Bakı”nın kapitanı var və sarğını mənim daşımağımı heç vaxt fikirləşməmişəm. Elvin Məmmədov Bolqarıstan klubu ilə yoxlama oyununda əvəzləndi və mən meydana çıxarkən, baş məşqçi kapitanlığı mənə təklif etdi. Mən narazılıq edə bilməzdim. Haqqımda belə yüksək fikirdədirsə, şox sağ olsun. Gələcəkdə kapitan olacağm haqsa indidən heç nə deyə bilmərəm.

- Elvindən söz düşmüşkən, onun da əslən sizin kimi tovuzlu olduğunu, vaxtilə bir yerdə “Turan”da oynadığınızı nəzərə alsaq, yenidən komanda yoldaşı olacaqsınız...
- Əlbəttə, Elvinin burda olmağı mənim üçün rahatdır. Mən bura gəlməmişdən öncə onunla məsləhətləşdim və o da mənə dəstək oldu. Dedi ki, gəlməyin yaxşı olar, gücümüzə güc qatarsan. Hər bir klubda azərbaycanlı futbolçu nə qədər çox olsa, bir o qədər yaxşıdır. Üstəlik, yaxşı tanıdıqlarınən. Buna görə də “Bakı”ya gələndə özümü yad hiss eləmədim. Millidən komanda yoldaşlarım Kamran Ağayevlə Rauf Əliyev də gəlib, əl-ələ verib, komandanı bu durumdan çıxatrmağa çalışmalıyıq. Əlbəttə, “Bakı” bu şəraitinə görə mütləq nəticə qazanmalıdır. Bu “qara zolaq” hər bir komandanın başıa gələ bilər. Biz “Bakı”nı bundan çıxarıb, layiq olduğu yüksəltməliyik.

Mehman SÜLEYMANOV
ANTALYA